Elçin Əsədov: "Qələbəmi Prezident İlham Əliyevə həsr edirəm"

  • 23:15 - 16 Oktyabr

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı davam edir. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən veloturda ikinci mərhələ geridə qalıb.

İl yarış günündə finiş xəttini birinci keçən yığma komandamızın üzvü Elçin Əsədov 157 kilometrlik ikinci mərhələni 3 saat, 30 dəqiqə, 43 saniyə göstərici ilə lider qrupda tamamlayıb. Bu isə velosipedçimizə ən yaxın izləyicisini 4 saniyə qabaqlamaqla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlamağa imkan verib. İkinci mərhələni ümumi qrupla başa vuran yığma komandamızın digər üzvü Samir Cəbrayılov isə E.Əsədovdan 32 saniyə geri qalmaqla təsnifatda 12-cidir.

Çıxışını şərh edən Elçin Əsədov qələbənin onun üçün asan olmadığını və uğurlarını Azərbaycan Prezidenti İlham Əliyevə həsr etdiyini söyləyib: “Çox şadam ki, ilk və çox çətin mərhələnin qalibi oldum. Lider olmağı bacardım. Komandamıza, baş məşqçimizə, texniki heyətə təşəkkür edirəm. Biz bir komandayıq və təbii ki, bu, ümumi uğurumuzdur.

İlk mərhələni 15 oktyabrda qazandım. Bu, Azərbaycan üçün çox əlamətdar bir tarixdir. 2003-cü ildə, həmin gün İlham Əliyev ölkəmizin Prezidenti seçildi. Qələbəmi Azərbaycanı ən yüksəklərə qaldıran və ümummilli lider Heydər Əliyevin ideyalarını həyata keçirməyə davam edən dövlət başçısına həsr edirəm.

İnanıram ki, üzərimizə düşən vəzifənin öhdəsindən gələcəyik və Olimpiadaya lisenziya qazanacağıq”.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək üçüncü mərhələdə iştirakçılar 173 kilometr məsafə qət edəcəklər.

Onu da xatırladaq ki, yığma komandamız Malayziyada baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə təmsil olunur.


Oxunma sayı: 5237

Oxşar yazılar