İraqda korrupsiya hallarını araşdırmaq üçün xüsusi məhkəmə yaradılıb

  • 20:55 - 16 Oktyabr

İraqın Ali məhkəmə şurası ölkənin ədliyyə sistemində dövlət məmurlarının korrupsiya işlərinin təhqiqatı ilə məşğul olacaq xüsusi orqanın yaradılması barədə qərar qəbul edib.
Misir KİV-ləri bu barədə Ali məhkəmə şurasının nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, xüsusi məhkəmə dövlət vəzifələrində təmsil olunan şəxslərin iştirak etdiyi dələduzluq, rüşvət və korrupsiya sxemləri ilə bağlı ən iri cinayətləri araşdıracaq. Yeni struktur korrupsiya işləri üzrə xüsusi dövlət komissiyası, Apelyasiya məhkəməsi və Baş prokurorluqla əlaqəli fəaliyyət göstərəcək.
Bu qərar iki həftə bundan öncə İraqın bir çox əyalətini bürüyən kütləvi etiraz aksiyalarından sonra qəbul edilib.
Oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc aksiyalar sonradan iğtişaşlara çevrilib, ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq edilib. Qarşıdurmalar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb, 6 mindən çox insan isə yaralanıb. Etirazlar fonunda İraqın Baş naziri Adil Əbd əl-Mehdi ölkədə islahatlar keçirmək niyyətində olduğunu və oktyabrın sonlarınadək yeni nazirlərin siyahısını parlamentin müzakirəsinə çıxaracağını elan edib.


Oxunma sayı: 3092

Oxşar yazılar