Şeirin mayası, cövhəri bu torpaqdan süzülüb gələn Məmməd Araz – Rəsul Mirhəşimlinin yazısı

  • 14 Okt - 2019

1933-cü il oktyabrın 14-ü Azərbaycanın vətəndaş şairi Məmməd Arazın dünyaya göz açdığı gündür...

Və şairin doğulduğu həmin gündən poeziyamızda yeni bir səs erası başlandı. Bəlkə, ona görə belə sayıla bilər ki, o özündən həm xeyli yaşlı, həm də cavan şairlərdən oldu. 

Şairin yazdıqlarının hamısı da canlı söz tarixidir. Bu tarixin hər səhifəsi də xalqın qəhrəmanlıq salnəməsi, uzaq əsrlərdə baş verənlərin şahidlik kağızıdır.  İndi o səhifələr vərəqləndikcə, yovşan qoxusu verən çöllərdə atlarını səyirdən Oğuz babaların səsi eşidilir, onların zəhmi, kişiliyi duyulur, ər tikətli nənələrimizin siması canlanır gözlərimizin qarşısında.

            Tarix qayalarda yazı qalırmı,
            Çoxu çoxdan itib azı qalırmı.

Məmməd Araz şeirinin mayası da, cövhəri, ətri-şirəsi, nəfəsi də bu torpaqdan süzülüb gəlib – bir bulaq, bir qaya parçası kimi, lap elə zərifcə bir dağ çiçəyi kimi təbii doğulub. Şairin öz qanından, canından misralarına verdiyi o söz təbiiliyi işıqlı, mənalı bir dünya yaradıb poeziyasında. Dədə Qorqud kimi dünənindən söhbət salıb, ayıq olmağa, düşmənə-düşmən, dosta-dost olmağa çağırıb. Həm də həmin, kövrək, sərt olan dünyada sabahın yolçularına cığır açıb. Gözlərinin yuxusundan, ürəyinin, canının ağrılarından gizlədiyi bu şeir parçalarını ərmağan eləyib yolumuza su səpib – taleyin macal verdiyi ömür payımızı boş-boşuna yükə çevirməyək deyə.

            Zarımağa ömür deyib, ağlama,
            Hər ölümə ölüm deyib, ağlama.

Məmməd Araz kəndin, obanın içindən çıxmış adam idi, uzun illərdən bəri “qonaq yaşadığı” şəhərdə də təbiətin dilini yadırğamayı, əksinə günü-gündən cilalayıb, saflaşdırdı. O, əsrlərin uzaq mənzil başından gələn at kişnərtilərini hamıdan qabaq eşidən, zamanın küləklərinin səsini qəlbi ilə dinləməyi baçaran, qərib şanapipik nəğmələrinin yanğısını “suçəkən” kimi canına hopduran şair idi. İnsanın dərdini, sevgisini gözlərindən anlayan sərraflardan oldu.

            Duyğusuz bu hissi duyası deyil,
            Bu dünya sevgilər dünyası deyil.

Dünyanın, təbiətin sonsuz rəng çalarlarını çələng kimi sözə hörmüş şairin hər şeiri canlı insan adıyla bağlıdır. Bu bağlılıqda güclü həyatsevərlik, hüznlü bir qəm, ya da  dəlicəsinə üsyankarlıq sezilir. Ürəyin dolanda o şeirlərlə dərdini də bölüşə bilərsən, hələ ovunmağa təsəllin də olar... Şeirlərinin ruhuna, elə öz ruhlarına görə də Məmməd Arazın Şəhriyarla qoşalığıgörünür. Məmməd Araz özü də ustad şairlə qəlbən bağlı olub həmişə. Kasıb komasında az-çox tapdığını yeyib, qürurunu qoruyan kişilərdən olub Məmməd Araz. Elə Şəhriyar kimi nə möhtəşəm saraylara yaxın düşüb, nə haylı-küylü məclislərdə təriflənməyi şərəf sanıb adına. Dərd qayğısıyla, fikir ülgüsünün biçib-tikdiyi söz mülkündə indiyəcən keşikçi olub. 

Məmməd Araz zamanın dərdlərini ilk deyən ziyalılardan idi. Bu gün zəmanənin ağırlığnda belə müdrik ağsaqqalların sözünə necə ehtiyac olduğunun şahidləriyik. Əsl insan kimi, ər kimi yaşamaq yolunu elə insan özü seçir. Necə ki, Məmməd Araz  o ömür yolunu seçib yaşadı, vaxtın acılarına da dözüb durdu, əzabların içində bişdi, bu ucaqlıqda da köç etdi bu fani dünyadan. 

Bu il 86 yaşı qeyd edilən şairin şer ocağının işığı əfsanələrimizdəki uzaq mənzil başına gedən durna qatarına tutulmuş bələdçi çırağına oxşayır. İnanırıq ki, bu ocağın istisi, işığı dünya durduqca kəsilməyəcək. Azərbaycan poeziyası Məmməd Araz ziyasının işığına boyanacaq...

Rəsul Mirhəşimli
Avropa.info


Oxunma sayı: 6238

Oxşar yazılar