İran XİN: Səudiyyə Ərəbistanı ilə dialoqa hər zaman hazırıq

  • 13 Okt - 2019

İran İslam Respublikası Səudiyyə Ərəbistanı ilə dialoqa hər zaman hazırdır.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O bildirib ki, İran ilə Səudiyyə Ərəbistanı yaxın qonşulardır və bu qonşuluq daimi xarakter daşıyır. Nə İran, nə də Səudiyyə Ərəbistanı regiondan köçüb getməyəcək. Buna görə də problemlərin danışıqlar yolu ilə həll edilməsi vacibdir.

Məhəmməd Cavad Zərif nəzərə çatdırıb ki, Körfəz dövlətləri öz aralarındakı mübahisələri həll etmək iqtidarında olduqları üçün başqa ölkələrin buraya müdaxiləsi əlavə problemlər yaradır.

Xatırladaq ki, Suriyada, Fələstində baş verən hadisələrə münasibətdə və regiona aid digər ciddi məsələlərə Ər-Riyad ilə Tehranın fərqli baxışları mövcuddur. İdeoloji və dini zəmində qarşıdurma da pik həddə çatıb. Lakin BMT Baş Assambleyasının sentyabrın 20-də Nyu-Yorkda keçirilən sessiyasında tərəflər arasındakı münasibətlərdə yumşalma hiss edilib. Sessiyada iştirak edən Pakistanın Baş Naziri İmran Xan vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu bildirib.

Həm İran, həm də Səudiyyə Ərəbistanı münasibətlərin getdikcə kəskin xarakter almasının onların maraqları üçün təhlükə törətdiyini gördükləri üçün dialoqa meyl edirlər.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Pakistanın Baş Naziri İmran Xan Tehrana səfər edəcək. Onun İranın Ali Rəhbəri Əli Xameneyi və Prezident Həsən Ruhani ilə görüşləri nəzərdə tutulub. Yerli mətbuat görüşlərdə daha çox İran ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələrin müzakirə ediləcəyini yazır.


Oxunma sayı: 562

Oxşar yazılar