Azərbaycan icması Zatulinlə əlaqədar Rusiya Dövlət Dumasının spikeri və XİN rəhbərinə müraciət edib

  • 13 Okt - 2019

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı  Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

APA-nın  verdiyi məlumata görə, Moskva vilayət regional Federal Milli Mədəni Muxtariyyətinin Şurası tərəfindən göndərilən müraciətdə bildirilib ki, 2019-cu il 11 oktyabr tarixində Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, Dumanın I, IV, V, VII çağırış deputatı, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü, MDB ölkələri İnstitunun rəhbəri, Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Dövlət Komissiyasının üzvü Konstantin Zatulin işğal altında olan Xankəndi şəhərində "Ədalət və sülh naminə əməkdaşlıq" adlı 'Artsaxın dostları Beynəlxalq Forumu"nda çıxış edib.

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatının etik normalara əməl etməməsi səbəbindən çıxış etmək hüququndan məhrum edilməsini istəyib: “Konstantin Zatulin kimin dəvəti ilə bu Foruma gedib? Nə BMT, nə Rusiya, hətta Ermənistan tərəfindən belə tanınmayan “Artsax” adlandırılan qondarma "respublika"nın rəhbərliyinin?  Zatulin orada kimi təmsil edib, Hansı təşkilat adından kim kimi çıxış edib? Dövlət Dumasının komitə sədrinin birinci müavini kimi, yoxsa MDB ölkələri İnstitunun direktoru kimi?  Zatulinin oradakı bəyanatlarının hamısı Rusiya  dövlətinin, Dövlət Dumasının rəsmi mövqeyidirmi? Siz onun bəyanatlarının Dövlət Dumasının MDB üzrə iş Komitəsində tutduğu vəzifə ilə uyğunluğunu necə qiymətləndirirsiz?  Zatulinin dediyi "Əminəm ki, Rusiya Federasiyası dövlət kimi Qarabağ münaqişəsinin ədalətsiz həllinə imkan verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir" sözləri necə başa düşmək olar? - Qarabağ münaqişəsinin ədalətsiz həlli nə deməkdir? Bir çox millətdən olan rusiyalıların fikrini ifadə edərək tələb edirik ki, Dövlət Dumasının Deputatı Konstantin Zatulin etik normalara riayət etmədiyi üçün Rusiyadan kənarda sadəcə deputat kimi deyil, həm də Dumanın Komitə sədrinin birinci müavini kimi çıxış etmək hüququndan məhrum edilsin. Eyni zamanda MDB ölkələri İnstitunun təsisçiləri (Rusiya XİN, Moskva Dövlət Universiteti və Moskva Dövlət Beynəlxalq Əlaqələri Universiteti -MQİMO) qarşısında Konstantin Zatulinin əsas  vəzifələrini yerinə yetirməməsi səbəbindən direktor vəzifəsinə uyğun gəlmədiyi haqqında məsələ qaldırılsın. O cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurası qarşısında Konstantin Zatulinin elmi Şuranın üzvlüyündən xarici edilməsi barədə məsələ qaldırılsın". 

Qeyd edək ki, ermənipərəst Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.


Oxunma sayı: 650

Oxşar yazılar