"Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu" – Rəylər

  • 12 Okt - 2019

"MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Prezident İlham Əliyev Ermənistana çox ciddi diplomatik həmlə etdi. Bu addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Dövlət başçısı Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti bütün dünyaya göstərdi”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov xatırladıb ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı da Ermənistana zərbə olub: "Prezident çıxışı zamanı "Qarabağ Azərbaycandır” söyləməklə Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığına diqqət çəkdi. Prezident İlham Əliyevin bu mövqeyi Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazın formalaşmasına səbəb olub. Azərbaycanda "Qarabağ Azərbaycandır” ictimai hərəkatı formalaşıb, Ermənistanda isə "Paşinyandan xilas” hərəkatı yaranmağa başlayıb”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Ermənistana növbəti diplomatik zərbəsi MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə olub: "Prezident İlham Əliyev II dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadaladı. Dövlət başçısı sonra vurğuladı ki, MDB məkanında bəzi dövlətlər, o cümlədən Ermənistan faşist cəlladlarının xatirəsini əbədiləşdirir, bu, dövlət səviyyəsində həyata keçirilir. Ermənistanda Qaregin Njdeyə abidə qoyulub, onun adı küçəyə verilib. Prezident İlham Əliyev bunun qəbuledilməz olduğunu bildirdi. Dövlət başçısının çağırışının məqsədi o idi ki, beynəlxalq ictimaiyyət bununla bağlı ölçü götürsün. Bu, çox vacib məsələdir. Ermənistanın baş naziri də çıxış etdi, söz güləşdirmək səviyyəsində olan mövqe ortaya qoydu, ümumi sözlər dedi. Paşinyan ortaya arqument qoya bilmədi, qoya da bilməzdi. Prezident İlham Əliyevin ortaya qoyduğu faktlar çox ciddi idi. Prezidentin bu çıxışı Ermənistanda daxili vəziyyəti gərginləşdirib. Ermənistan mətbuatı yazır ki, Paşinyan növbəti məğlubiyyəti ilə İrəvana dönür”.

Parlamentin deputatı Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin diplomatik zərbəsininin qarşısında Paşinyanın arqumentləri çox zəif olub: "Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışında Paşinyanın bəyanatlarını darmadağın etdi. Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu. Prezident İlham Əliyev Ermənistanda Qaregin Njdeyə abidə qoyulmasına diqqət çəkərək, Ermənistanın faşizmə ideyasına dəstək verdiyini bildirdi. Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunun göstəricisidir. Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışı Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan sülhün tərəfdarıdır, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlərin bunun əyani sübutudur”.


Oxunma sayı: 936

Oxşar yazılar