Yatmış həyat yoldaşını qantellə öldürən şəxs həbs edildi – Təfərrüat

  • 11 Okt - 2019

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Avropa.info-ya daxil olan birgə məlumata görə, oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovun Şəki Rayon Polis Şöbəsinə yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürməsi barədə verdiyi məlumat əsasında Nizami Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakının Nizami rayonunda oktyabrın 9-na keçən gecə qantel Əkbərova Cəvahir Telman qızının qətl alətinə çevrilib.

Avropa.info xəbər verir ki, bu barədə oxu.az-a rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

36 yaşlı qadın saat 04:00-da öldürülüb. Cinayətdə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əkbərov İlham Niftəli oğlu ittiham olunur. C.Əkbərova başından aldığı qantel zərbəsi nəticəsində ölüb.

Bu əməldən sonra kişi Şəki rayonuna gedərək, daxili işlər orqanına təslim olub.

Xatırladaq ki, daha əvvəl KİV-də ərin arvadına 18 bıçaq zərbəsi vurduğu haqqında məlumatlar dərc olunsa da, onun həqiqətə uyğun olmadığı ortaya çıxıb.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, ayın əvvəlindən Bakıda iki cinayət hadisəsi baş verib. Hər iki halda zərərçəkənlər gənc qadınlardır.


Oxunma sayı: 639

Oxşar yazılar