Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

  • 11 Okt - 2019

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Yuqorsk Dövlət Universitetinin nümayəndə heyəti ilə görüşüb. 

Rektor Tatyana Karminskayanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə sözügedən universitetin gənclər siyasəti və xarici əlaqələr üzrə prorektoru Anna Brovina, tədris işləri üzrə prorektor müşaviri Roman Şamileviç və başqaları daxil olub. 

Görüşdə tərəflər arasında təcrübə mübadiləsi, məqsədyönlü əməkdaşlıq proqramları vasitəsi ilə elmi-pedaqoji qruplar və tələbələrin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, elmi-texniki və metodiki layihələrin hazırlanması və s. məsələlər müzakirə olunub.

Qonaqları salamlayan rektor Elmar Qasımov  Azərbaycanla Rusiya arasında bütün sahələrdə dostluq əlaqələrinin olduğunu, BANM-in Rusiyanın, eləcə də dünyanın bir sıra ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini qeyd edib. Ali Məktəbdə beynəlxlaq tədris proqramlarına əsasən tədris aparıldığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini bildirib.  E.QasımovAli Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurları haqda da qonaqlara ətraflı məlumat verib.

   O həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb. 

Rektor Yuqorsk Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.   

Yuqorsk Dövlət Universitetinin rektoru Tatyana Karminskaya səmimi qəbul üçün təşəkkür edərək ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə maraqlı olduqlarını bildirib. Eyni zamanda o, perspektivdə birgə tələbə-müəllim mübadiləsini, tədqiqatların aparılmasını zəruri hesab etdiyini vurğulayıb. 

“İnnovasiyaların tətbiqi əsas prioritet olan Universitetimiz Rusiya Federasiyası Hökumətinin əmri ilə 2001-ci ildə yaradılıb. Hazırda Yuqorsk Rusiyanın ən gənc dövlət universitetlərindən biridir. Əsas vəzifəmiz, bölgədəki yüksək texnologiyalar sahələrinin mürəkkəb problemlərini həll etmək üçün təhsil və tədqiqatların aparılmasıdır. Universitetimiz hər il 2 mindən çox mütəxəssis yetişdirir”- deyə T.Karminskaya məlumat verib.

Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyətə dair ikitərəfli  Əməkdaşlıq Sazişinin imzalanması qərara alınıb. 


Oxunma sayı: 496

Oxşar yazılar