Ombudsmanın əməkdaşları DTX-nın istintaq təcridxanasında Polad Aslanovla görüşüblər

  • 10 Okt - 2019

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb.

Bu məqsədlə müəssisədə saxlanılan təqsirləndirilən şəxslər təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib.

 

İnternet səhifələrində qida qəbul etməməsi ilə bağlı barəsində məlumat yayılan Polad Aslanov da fərdi qəbul edilib və görüş zamanı o, qida qəbul etdiyini bildirilib.

Qəbul edilən şəxslərin müraciətləri dinlənilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə saxlanılan şəxslərin hüquqlarının təmini müzakirə olunub, milli və beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr verilib.


Oxunma sayı: 397

Oxşar yazılar