Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat

  • 09 Okt - 2019

Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb.

Avropa.info Report-a istinadən xəbər verir ki, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından Axar.az-a verilən məlumata əsasən, ölən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan, onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum deyil.

Xəstəxanada aparılan müayinələr zamanı A.Quliyevanın aldığı xəsarət nəticəsində kəllə-beyin travması keçirdiyi və çanaq nahiyəsində çoxsaylı sınıqların olduğu aşkarlanıb.

Yuxarı Aran bələdiyyəsinin sədr müavini Əhməd Məmmədov bildirib ki, Kəbirli kəndi ərazisində yol kənarında huşsuz vəziyyətdə tapılan 18 yaşlı Aygün Quliyevanın ailəsi Yuxarı Aran kəndində yaşayır. Qızın tapıldığı kənd isə Kəbirli kəndidir.

Bələdiyyə sədrinin müavini deyib ki, hadisəni qətiyyən ailə üzvləri törətməyib:

“Hazırda biz də dəfndəyik. Ailə özü də olduqca pis vəziyyətdədir. Polis hadisə ilə bağlı araşdırma aparır. Ailənin özünün də qızının kimin tərəfindən döyülüb yol kənarına atılması barədə məlumatı yoxdur. Rayon Polis Şöbəsi, hətta rəis özü də bu işlə məşğuldur.

Ailə bizim qonşuluğumuzda yaşayır. Mədəni və problemsiz ailədir. Kəndə də hamı o ailəni sakit bir ailə kimi tanıyır. Ölən xanımın atası olduqca sakit biridir, anası da idarədə xadimə işləyir. Ailə özü Yuxarı Aran kəndində yaşayır. Qızın tapıldığı kənd isə Kəbirli kəndidir. İki kənd arasında 30-40 kilometr məsafə var. Gecə vaxtı onun ora necə getməsi hamıya maraqlıdır. Xanım təhsilsizdir və 9-cu sinifdən sonra oxumayıb. Heç bir fiziki və əqli qüsuru yoxdur. Xanım nə oxuyur, nə də işləyirdi. Qaçırılma ehtimalı da yoxdur. Rayon yeridir və gecə vaxtı kimində evindən qızın qaçırılması mümkün deyil”.

Ə.Məmmədov bildirib ki, A.Quliyeva ailənin 4-cü uşağıdır:

“Ailədə 6 uşaqdırlar. Aygün dördüncü uşaqdır. Ondan böyük iki qardaşı və bir bacısı var. Qardaşları da rayonda yaşayır. Kənd adamıdır hamısı. Qardaşları çobanlıq edir.

Ailə üzvlərindən kiminsə belə bir hadisəni törətməsi ehtimalı yoxdur. Ailə hazırda pərişan vəziyyətdədir. Ümid edirik ki, hadisəni törədən, bu işdə əli olan şəxs və ya şəxslər tez bir zamanda tapılacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.


Oxunma sayı: 1321

Oxşar yazılar