Yadigar Sadıqlıdan İsa Qəmbərə etiraz: "Müsavatın çöküşü davam edəcək"

  • 09 Okt - 2019

“Məhz mənim və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyimizi irəli sürməmiz son illər ərzində ilk dəfə doğma partiyamızı gündəmə çevirdi”.

Avropa.info xəbər verir ki,  bunu Müsavat Partiyasının başqanı postuna namizədliyini irəli sürmüş partiyanın Divan üzvü Yadigar Sadıqlı deyib. O bildirib ki, son 20 gün zamanı vətəndaşların Müsavat sevgisinin yenidən təzahür etməsini görüb:

“Halbuki, neçə vaxtdır mən bu təzahür üçün təşnə idim. Ancaq iradlar, ittihamlar, etimadsızlıqla üzləşirdim. Belə münasibət məni çox ağrıdırdı. Müsavat buna layiq deyildi. Namizədliyimi bəyan edəndə isə gördüm ki, yox, insanımız Müsavatı sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavatın tarixində tamamilə yeni bir səhifə açacaq.

Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır”.

“Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm”, - deyə Y.Sadıqlı bildirib.

Müsavat funksioneri İsa Qəmbərin mövqeyinin onun üçün gözlənilməz olmadığını vurğulayıb: “İsa Qəmbərin mövqeyi mənim üçün gözlənilməz olmadı”. Ən acınacaqlısı isə odur ki, İsa Qəmbər digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır".

Qeyd edək ki, Müsavat Partiyasının oktyabrın 12-də qurultay keçiriləcək. Partiyasının başqanı vəzifəsinə Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.


Oxunma sayı: 595

Oxşar yazılar