Prezident Əli Əsədovu Baş Nazir təyin etdi – Tərcümeyi-hal

  • 08 Okt - 2019

Prezident İlham Əliyev Azərbaycan Respublikasının yeni Baş Nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.
Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-ci dərəcəli dövlət müşaviridir.


Oxunma sayı: 5952

Oxşar yazılar