Müsavat başqanının Eldar Əzizova müraciətinə meriyadan cavab gəldi: “Məsələyə baxılacaq“

  • 08 Okt - 2019

Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova müraciət edib.

Avropa.info xəbər verir ki, A. Hacılı Bakı merinə müraciətini sosial şəbəkə üzərindən edib. Onun müraciətini olduğu kimi təqdim edirik:

“20 gün əvvəl Müsavat Partiyası qurultayına yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Bir neçə yer nümunə göstərməklə bizə 400-500 nəfərlik iclas zalı verilməsini xahiş etmişik.

Üzərindən üç həftə keçdikdən sonra bizə verilən müsbət cavab bir şadlıq sarayı rəhbərliyi tərəfindən rədd edilir. "Siyasi Partiyalar Haqqında Qanun"a görə qurultayımıza yer ayrılması hökümətin, bu halda BŞİH-nin borcudur, vəzifəsidir.

Eldar Əzizova müraciət edirəm ki, öz vəzifə borcunu yerinə yetirsin. İnanıram ki, bir partiyanın piketinə icazə verilməsini az qala demokratik açılım kimi dəyərləndirənlər də Müsavat Partiyası qurultayına uyğun yer ayrılması tələbimizə dəstək verəcəklər”.

Müsavat başqanın müraciətinə münasibət öyrənmək üçün BŞİH ilə əlaqə saxladıq. Qurumdan Modern.az-a bildirilib ki, partiyanın yazılı şəkildə edilmiş müraciətinə baxılıb, müsbət cavab verilib.

Bakı meriyasından o da bildirilib ki, Müsavat Partiyası qurultayın keçirilməsi ilə bağlı icazə üçün yenidən yazılı müraciət edərsə, məsələyə baxılacaq.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayın keçiriləcəyi yerə icazə almaq üçün partiya rəhbərliyi bir neçə gün əvvəl BŞİH-ə müraciət edib. Meriya isə müraciətə müsbət cavab verərək, Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirməyə etiraz etməyib. Bundan sonra məlum oldu adıçəkilən məkanın rəhbərliyi qurultay keçirmək üçün Müsavata icazə vermir.


Oxunma sayı: 639

Oxşar yazılar