Türkiyənin "Barış Pınarı" əməliyyatı öncəsi ABŞ-da gərgin keçən gecə ... - Trampla Pentaqon arasında PKK/YPG qalmaqalı

  • 08 Okt - 2019

Türkiyənin Fəratın şərqində terror təşkilatı PKK/YPG-yə qarşı antiterror əməliyyatlarına başlamasına saatlar qalmış Ankara və Vaşinqton xəttində gərginlik davam edir.

Avropa.info xəbər verir ki, oktyabrın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. 

Oktyabrın 7-də Tramp ABŞ əsgərlərinin vaxtilə Suriyaya 30 günlük müddətə girdiyini, artıq ərazidən çıxmağın vacib olduğunu açıqlayıb. Trampın ardınca açıqlama verən Türkiyə prezidenti Ərdoğan ABŞ əsgərlərinin ilk öncə, Suriyanın şimalından çəkiləcəyini və PKK/YPG terror təşkilatına qarşı antiterror əməliyyatlarının yetişdiyini deyib. 

Ərdoğanın ardınca Ağ Ev məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada Türkiyənin PKK/YPG-yə qarşı əməliyyat həyata keçirəcəyi, ABŞ-ın isə bu əməliyyata daxil olmayacağı və dəstəkləməyəcəyi bildirilib. Bəyanatda, 2 ildir PKK/YPG həbsxanalarında saxlanılan İŞİD terrorçularından da Türkiyənin sorumlu olduğu bildirilib.

Ağ Evin açıqlamasından sonra Türkiyədən ilk açıqlamanı Prezidentin sözçüsü İbrahim Kalın edib. 

"Türkiyənin kimsənin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində etibarlı bölgənin iki məqsədi vardır: Terror ünsürlərini təmizləyərək sərhədlərini zəmanət altına almaq və qaçqınların təhlükəsiz bir şəkildə dönüşünü təmin etmək. Türkiyə güclüdür və qərarlıdır" - İbrahim Kalın belə deyib.

İranın xarici işlər naziri Cavad Zərif isə Türkiyənin öz təhlükəsizliyini Suriyanın suverenliyini pozması ilə qorumağa cəhd etdiyini iddia edərək və PKK/YPG-yə qarşı başladılacaq bu əməliyyatları müdafiə etməyəcəklərini bildirib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada keçiriləcək əməliyyatla bağlı tvitter hesabından açıqlama yayıb: 

"Suriyada böhran başlayandan bəri bu ölkənin ərazi bütövlüyünü dəstəklədik və bundan sonra da dəstəkləməkdə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləməklə ölkəmizin təhlükəsizliyini təmin etmək əzmindəyik. Suriyaya sülh və sabitlik gəlməsinə töhfə verəcəyik".

Trampın ABŞ əsgərlərini Suriyadan çıxarma qərarını açıqladıqdan az sonra, Birləşmiş Ştatların bəzi media qurumları prezidentin üzərinə hücuma keçərək, Trampı PKK/YPG-ni satmaqda ittiham ediblər. BBəzi media orqanları Trampın bu qərarı Pentaqonla məsləhətləşmədən atdığını iddia ediblər. 

ABŞ-ın uzun müddətdir silahlı dəstək verdiyi terror təşkilatı PKK/YPG isə  ABŞ-ı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. 

PKK/YPG  sözçüsü Kino Qabriel “ABŞ bizi kürəyimizdən bıçaqladı” deyib.

“ABŞ bizə Türkiyənin regionda hərbi əməliyyatlar keçirməsinə icazə verməyəcəyi istiqamətində təminat vermişdi.  Türkiyə ilə savaşacayıq. Ərdoğanın hədəfləri təhlükəsizlik mexanizmini ölüm mexanizminə çevirmək, bizi bu ərazidən qovmaqdır" – PKK-lı Kino Qabriel İordaniyanın Əl-Hadat telekanalına müsahibəsində belə deyib.

ABŞ ordusunun Suriya üzrə xüsusi səlahiyyətlisi, PKK/YYPG-nin əsas dəstəkçilərindən olan polkovnik Brett McGruk isə ölkə prezidenti Trampı baş komutan olaraq tanımadığını bəyan edib. 

"Tramp baş komutan deyil. Fikirləşmədən qərarlar verir. Əsgərləri dəstəkləmədən təhlükəyə göndərir. Çətin bir telefon zəngi gəldikdə və ya düşmənləri blöf etdikdə müttəfiqlərimizi açığa çıxarır" -  Brett McGruk belə deyib.

Suriya müxaliflərinin Azad Suriya Ordusu PKK/YPG-yə qarşı başladılacaq əməliyyatlarda iştirak edəcəyini açıqlayıb.

Bəzi ABŞ-lı senatorlar da Trampın Suriyadan çıxma qərarını pisləyərək, terror təşkilatı PKK/YPG-nin müdafiəsinə qalxıblar. 

Axşam saatlarında təzyiqlərə dözməyən Tramp Türkiyəni təhdid edən açıqlama ilə çıxış edib. ABŞ prezidenti Ankaranın ona icazə verilən "sərhədləri keçəcəyi" təqdirdə, Türkiyənin iqtisadiyyatını məhv edəcəyini deyib. 

Trampın bu açıqlamasına Türkiyədən çox sərt cavab gəlib. Vitse-prezident Fuat Oktay Türkiyənin təhdidlərlə hərəkət edən bir ölkə olmadığını deyib:

"Türkiyə təhdidlərlə hərəkət edən ölkə deyil. Biz ölkəmizin sərhədlərindəki terror təşkilatına həddini bildirəcəyik və Suriyalı qaçqınların könüllü olaraq ölkələrinə dönməsini təmin edəcəyik".

Tramp Türkiyəyə təhdidindən az sonra, tvitterdə maraqlı bir paylaşım edib. ABŞ prezidenti, Yaxın Şərq mütəxəssisi Mixael Doranın "Obama dönəmində kürdlərlə deyil, müttəfiqimiz Türkiyənin can düşməni olan PKK ilə iş birliyində olduq" fikirlərini paylaşıb.

Trampın bu tvitindən qısa müddət sonra, Pentaqon Suriya hava sahəsini Türkiyə döyüş təyyarələrinin üzünə bağladığını açıqlayıb. Lakin, ABŞ Dövlət Departamenti Pentaqonun bu açıqlamasını rədd edib. 

Bundan az sonra, ABŞ müdafiə naziri Mark Esper tvitterdə yazdığı "ABŞ müdafiə nazirliyi Türkiyənin Suriyanın şimal-şərqinə əməliyyatını dəstəkləmir" şərhini silib. 

Hadisələrin belə davam etdiyi bir vaxtda gecə saatlarında Türkiyə qırıcıları İraq sərhədinin yaxınlığında yerləşən Semelka sərhəd qapısındakı PKK/YPG hədəflərini bombalayıb. Türkiyə topları isə Malikiyə yaxınlığındakı terror hədəflərini bombalayıb.  

Tramp isə baş verənlərlə bağlı son mövqeyini belə açıqlayıb.

 "Əsgərlərimiz vətənə qayıtmaq üçün seçildim. Prezident Ərdoğana dedim ki, əsir İŞİD-çilər sizin məsuliyyətinizdir. Suriyada heç kimin tərəfini tutmuram. Ərdoğan ilə çox yaxşı bir əlaqəmiz var".

ABŞ-da olduğu kimi Türkiyədə də Fəratın şərqinə yönəlik əməliyyat məsələsi müzakirə mövzusu olub. Hakim AK Partiya, MHP və əksər partiyalar PKK-ya qarşı əməliyyatları dəstəkləyib. Ana müxalifət partiyası CHP isə ilk öncə, verdiyi bəyanatda ABŞ-ın nə qarşılığında qoşunlarını Suriyadan geri çəkdiyini hökumətdən soruşub. Axşam saatlarında isə ABŞ-ın əməliyyatlara qarşı tutumu sərt olunca, Vaşinqtonla razılaşdırmadan PKK-ya qarşı hərbi əməliyyatlara ehtiyac olmadığını açıqlayıb.

CHP-nin seçkilərdəki müttəfiqi, PKK-nın siyasi qolu HDP isə antiterror əməliyyatlarına qarşı çıxıb.

Qeyd edək ki, Türkiyənin Fəratın şərqində PKK/YPG-yə qarşı başladacağı ehtimal olunan əməliyyatın adı Barış Pınarı adlanır.

Avropa.info


Oxunma sayı: 2674

Oxşar yazılar