Dələduzluqda təqsirli bilinən sabiq polis rəisinin daha bir məhkəməsi başlayır

  • 07 Okt - 2019

Sabiq polis rəisi, dələduzluqda təqsirləndirilən İmaməddin Abasovun daha bir cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, İ.Abasov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, Oğuz, Qəbələ və Daşkəsən rayonlarında polis rəisi işləmiş, son illər isə Daxili İşlər Nazirliyində polkovnik rütbəsində inspektor kimi fəaliyyət göstərmiş İmaməddin Abasov 2016-cı ildə külli-miqdarda dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ayrı-ayrı vətəndaşlardan müxtəlif vaxtlarda pul alaraq hansısa problemlərinin həllinə yardımçı olacağına söz versə də, bunu edə bilməyib və həmin şəxslərin pulunu geri qaytarmayıb.

Paytaxt sakini olan bir vətəndaşın Nazirliyə müraciətinə əsasən, nazirin göstərişi ilə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. O, daxili işlər orqanlarında xidmətdən xaric edilib. 


Oxunma sayı: 551

Oxşar yazılar