Ölkəmizdə ilk dəfə Keçi Təsərrüfatçıları İctimai Birliyi yaradılır

  • 10:22 - 03 Oktyabr

"Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"na uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və əhalinin ərzaq  məhsulları ilə təminatının yaxşılaşdırılmasına töhfələr  vermək məqsədilə  ölkəmizdə ilk dəfə analoji ictimai qurum yaratmaq təşəbbüsü irəli sürülüb.

Bildiyimiz kimi, ölkədə ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək, bu sistemin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi hədəflər müəyyənləşdirilib. Heyvandarlığın inkişafı istiqamətində də işlər sürətlənməkdədir. Xaricdən cins mal-qaranın alınması, modern üslublu komplekslərin yaradılması, süni mayalanma yolu ilə alınan hər buzova görə dövlət tərərfindən subsidiyaların verilməsi, eləcə də süd zavodlarının açılışı əhalinin süd və süd məhsulları ilə təminatında mühüm rol oynayır. Kərə yağı və pendirlə təminatda yaranan problem də  tezliklə aradan qaldırılacaq.

Yeni yaradılan Azərbaycan Keçi Təsərrüfatçıları İctimai Birliyi təşəbbüs qrupunun sədri Elşən Süleymanovun müxbirimizlə söhbətində bu barədə deyib ki,  başlıca hədəfimiz ölkənin bütün keçi təsərrüfatçılarını bir yerə toplamaqla onların sosial problemlərinə yardımçı olmaq, təsərrüfatlara saf qanlı cins südlük və ətlik keçilər gətirmək, əhaliyə keyfiyyətli, müalicəvi əhəmiyyəti olan keçi əti, südü və süd məhsullarının satışını təşkil etməkdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycanda ət və süd istehsalında keçiçiliyin xüsusi yeri var. Bu, qədim təsərrüfatçılıq növü olsa da, daha da inkişaf etdirilməsinə ciddi ehtiyac duyulur. Belə ki, bütün dünyada intensiv heyvandarlıq inkişaf etdiyindən, ölkəmizdə də daha məhsuldar keçi cinslərinin artırılması vacibdir. Azərbaycana xaricdən gətirilmiş zaanen, alp, hələb və s. keçi cinslərinin burada yetişdirilməsinin öz spesifik xüsusiyyətləri vardır. Bunu nəzərə alaraq, keçiçilik təsərrüfatlarının təşkili və mövcud problemlərə baxışla bağlı konkret tezislər də hazırlayırıq. Bunlar keçiçilik məhsullarının satışında hüquq tənzimləmələri və qanunvericiliyin təmin olunması, zootexnologiyaların yeni üsullarının tətbiqi, cinslərin rayonlaşdırılması və adaptasiyası, seleksiya-damazlıq işlərinin düzgün aparılması, keçiçilik məhsullarının (süd, ət, dəri və s.) gigiyenası, baytarlıq (peyvəndləmə və s.) və sanitariya tədbirlərinin görülməsi, keçiçilikdə marketinqdir.

Bu işin maksimum səmərəli üsullarla qurulması cəhdləri gələcək uğurlardan soraq verir. Kənd təsərrüfatının mühüm sahəsi olan keçiçiliyin inkişafının iş adamlarının biznes fəaliyyəti üçün son dərəcə faydalı olacağı şübhəsizdir.

"Xalq qəzeti"


Oxunma sayı: 8471

Oxşar yazılar