Təhsil naziri: "Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı 5000 nəfərə çatıb"

  • 21:48 - 27 Sentyabr

Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, görüşdə Təhsil naziri Ceyhun Bayramov son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı davamlı tədbirlərə diqqət çəkən Təhsil naziri deyib ki, ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları bu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib.

Müəllim peşəsinə marağın artdığını qeyd edən Ceyhun Bayramovun sözlərinə görə, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Müəllimlərin işə qəbulu üzrə əldə olunan nailiyyətlərə toxunan Təhsil naziri qeyd edib ki, bu il müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.

Təhsili naziri deyib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. Nazir bildirib ki, cari ildə 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

Müəllimlərin mühüm peşə keyfiyyətlərindən danışan Təhsil naziri müəllim nüfuzunun cəmiyyətdə rolunun artdığını xüsusi vurğulayıb və bütün müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Oxunma sayı: 6381

Oxşar yazılar