“Thomas Cook Belgium” müflislik proseduruna başlayıb

  • 27 Sen - 2019

Britaniyanın “Thomas Cook” turizm nəhəngi müflis olduğunu elan edəndən sonra agentliyin Belçikada ayrıca hüquqi şəxs kimi qeydə alınmış törəmə şirkəti də öz təsisiçisi kimi hərəkət edərək analoji prosedura başlayıb.

Agentliyin 600 işçisindən ilk 75 nəfəri bu gün səhər işə gələndə öyrənib ki, işəgötürən maliyyə vəsaiti olmadığına görə daha onlara əməkhaqqı ödəyə bilməyəcək.

Şirkətin nümayəndələri bu gün səhər mətbuat konfransında bildiriblər ki, “Thomas Cook Belgium” öz investor və kreditorları ilə danışıqlar aparır və ixtisara düşmüş bütün əməkdaşlar sentyabr ayı üçün məvaciblərini alacaqlar.

“Thomas Cook Belgium” reyslər və turpaketlər bronlamağı bu gündən etibarən dayandırır. Turizm agentliyinin bütün ölkə boyu yerləşən və çoxu “Neckermann” brendi ilə fəaliyyət göstərən 90 ofisi müəyyən müddət işləməyə davam edəcək, lakin onların gələcəyinə hələlik heç bir zəmanət verilmir.

Hazırda təqribən 10 min belçikalı məzuniyyət günlərini bu şirkətdən aldığı turlarla keçirir. “Brussels Airlines” aviaparkından istifadə edən turoperator reyslərini Brüssel aeroportundan həyata keçirir.

Bu gün şirkətdən bildirilib ki, artıq satın alınmış məzuniyyət turpaketlərindən heç biri şirkət tərəfindən ləğv edilməyəcək və bütün şərtlər yerinə yetiriləcək. Halbuki məzuniyyət turu bronlamış sərnişinlərin sentyabrın 26-da Brüssel aeroportundan uçmalarına imkan verilməyib.

Brüssel hava yolları Tunisdən olan reysləri də ləğv edərək 350 sərnişini çətin vəziyyətdə qoyub. Yalnız tənqid atəşinə tutulandan sonra aviaşirkət sərnişinləri daşıyıcağına söz verib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əllərində bronlanmış və ödənilmiş turpaket olan “Thomas Cook Belgium” müştəriləri səyahətlərini təxirə salmağı qərara alsalar, onda pullarını Səyahətlərə Zəmanət Fondundan tam həcmdə geri ala bilərlər. Lakin “Thomas Cook” rəsmən müflis elan edilməyincə, Fond həmin vəsaiti turistlərə geri qaytara bilməyəcək. Artıq təqribən 1500 adam məzuniyyət turpaketlərinin pulunun ödənilməsi üçün fonda müraciət edib.

Belçikanın İstehlakçıların İşləri üzrə Federal naziri Vuter Beke ölkə televiziyasının xəbərlər proqramında xəbərdarlıq edərək deyib: “Bizə gəlib çatan şayiələrə görə, otellər və aviaşirkətlər tərəfindən turistlərə təzyiqlər edilir ki, onlar yaşamağa və uçmağa görə haqqı yerində ödəsinlər. Bu isə müştərilərin satın aldıqları xidmətləri təkrar ödəmələri deməkdir. Bunu etməyin, çünki bütün bu əlavə ödəmələr Zəmanət Fondu tərəfindən təmin edilməyəcək”.


Oxunma sayı: 518

Oxşar yazılar