Köçəryanın cinayət işində şahid olan general özünü öldürdü

  • 11:30 - 24 Sentyabr

Ermənistanda general-polkovnik Ayk Arutyunyan özünü öldürüb. Novator.az-ın məlumatına görə, Kotayk vilayətinin Bcni kəndində yaşayan generalın sentyabrın 23-ü axşam evində başına tapançadan güllə çaxdığı bildirilir.

1955-ci ildə Yerevanda doğulan Ayk Arutyunyan SSRİ Daxili İşlər Nazirliyinin Ali Məktəbini bitirib. Ermənistanın daxili işlər orqanlarında müxtəlif məsul vəzifələr tutan Ayk Arutyunyan 1999-2003-cü illərdə daxili işlər naziri, 2003-2008-ci illərdə Ermənistan Polisinin rəisi olub, 2010-2014-cü illərdə Ədliyyə Nazirliyinin Cinayət-İslah İdarəsinə başçılıq edib.

Ayk Arutyunyan 2008-ci ilin mart qırğını işində əsas şahidlərdən biri idi.

İşğalçı Qarabağ müharibəsinin rəhbərlərindən olan Robert Köçəryan 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən 2008-ci ilə kimi prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyətdən gedəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.

Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.

Sabiq prezident hazırda həbsdədir. Sentyabrın 12-dən Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi gedir.


Oxunma sayı: 6128

Oxşar yazılar