“Köçəryanla Sarkisyanın artıq Ermənistanda siyasətlə məşğul olmaq şansı yoxdur…” - Paşinyan onlardan pulları geri tələb edir..

  • 21:30 - 23 Sentyabr

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın bundan belə respublikada siyasi fəaliyyətlərini davam etdirmək şansı yoxdur. Virtualaz.org erməni mətbuatına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

"Ermənistan əhalisi həm Köçəryanın, həm də Sarkisyanın və tərəfdarlarının 2018-ci ildəki bütün bəyanatlarını şərh edib, bu günə qədər də qiymətləndirməyə davam edir. Bu adamlar başa düşmürlər ki, daha Ermənistanda siyasi fəaliyyətlərini davam etdirmək şansları yoxdur. Və ona görə yox ki, mən və ya bir başqası bunu istəmir. Erməni xalqı özü buna imkan verməz", - deyə Paşinyan Los-Ancelesdəki mətbuat konfransında bildirib.

Paşinyan eks-prezidentlərin və tərəfdarlarının "Köçəryan və Sərkisyanının erməni dövlətçiliyini qurmaq üçün tər tökdükləri barədə " ifadələrini əsassız adlandırıb.

"Tər töküb nə ortaya çıxartdılar? Öz milyonlarını? Bəli, Əgər bunları demək istəyirlərsə, yaratdıqları "qəsrləri” və yığdıqları milyonları tezliklə itirəcəklərinə böyük təhlükə mövcuddur. Mən buna ümid edirəm. Əslində onlar yığdıqları milyonları çoxdan itirməli idilər, lakin hələ də böyük maliyyə və iqtisadi qaynaqlara sahibdirlər", - deyə baş nazir əlavə edib.

Baş nazir keçmiş hakimiyyət nümayəndələrinə heç bir güzəştə getməyəcəyini və onların oğurladıqları pulların son qəpiyinə kimi geri qaytarılacağını vurğulayıb: “Mən bundan öncə də dəfələrlə Serj Sarkisyanın ailəsinin korrupsioner və dövlət büdcəsindən mənimsədikləri külli miqdarda pulları geri qaytarmağa borclu olduqlarını vurğulamışam. Artıq bir hissəsini geri qaytarıblar, ancaq indi qalan hissəsini geri qaytarmalıdırlar. Görəsən, Sarkisyanın ailəsi və Robert Köçəryan bu milyonları hansı qabiliyyətlə və necə əldə ediblər? Bunlar vunderkinddirlərmi? Bəs, indi niyə bu milyonları qazana bilmirlər? Biz onları narahat edirik? Onda pul qazanmaq üçün xaricə getsinlər”.

Paşinyanın sözlərinə görə, həm Köçəryanın, həm də Sarkisyanın maddi imkanları siyasi ambisiyalarından asılı olmayaraq 1998-ci ildəki status-kvoya qayıtmalıdır.

"Hər şey qəpiyinə kimi geri qaytarılmalıdır. Söhbət Sarkisyanın kürəkəni Mikael Minasyan və digər cinayət işi üzrə mühakimə olunan qardaşı Levon Sarkisyanın (Serj Sarkisyanın qardaşı – red.) haqqında gedir. Kimin nə vaxt və harada olacağını tezliklə anlayacağıq. Onu da vurğulayım ki, bunların heç birinin artıq Ermənistanda siyasi perspektivi yoxdur ", - deyə Paşinyan qeyd edib.

 

Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, Ermənistan Respublikasının xüsusi səfiri Lev Sarkisyana Şimal-Cənub magistral yolunun tikintisi zamanı sui-istifadə faktları ilə bağlı açılan cinayət işinin istintaqında təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Bu günə qədər bu cinayət işi çərçivəsində 15 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan isə hazırda həbsdədir; o, bir sıra keçmiş yüksək vəzifəli təhlükəsizlik işçiləri ilə birlikdə Ermənistandakı konstitusiya quruluşunu devirməkdə ittiham olunur (1-2 mart 2008-ci il iğtişaş hadisəsində). Bundan başqa, Köçəryan daha külli miqdarda rüşvət almaqda ittiham olunur (başqa bir cinayət işində - red.).

Robert Köçəryanın oğlu Levon Köçəryan isə baş nazir Nikol Paşinyanın ABŞ-da keçirdiyi mətbuat konfransında ailələrinin ünvanına səsləndirdiyi fikirlərə reaksiya verib.

“Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistanın baş naziri kürsüsünə çıxan mitinqlərdə boş-boş çıxışlar etməkdən və bizə qarşı əsassız ittihamları səsləndirməkdən başqa heç nəyə qadir deyil. O, hələ də hansı statusda olduğunu başa düşmür. Onun boşboğazlığı və demaqogiyası artıq bütün dünyada - Los Ancelesdən İrəvana, Stepanakertdən Soçiyə qədər bəllidir", -o bildirib.


Oxunma sayı: 5413

Oxşar yazılar