Paşinyan ABŞ-da ermənilərə nə dedi? – Ermənistanın baş naziri bu sözləri elə hiyləgərcəsinə dedi ki... – Şərh

  • 17:35 - 23 Sentyabr

"Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışında avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını təkrarlamasa da, hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı". 

Avropa.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan əvvəlcə Los-Anceles merinə və bu şəhərin şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür edib. 

"“Amerikadakı erməni diasporunun dəstəyi olmasaydı, biz Dağlıq Qarabağdakı müharibədə (oxu: Azərbaycan torpaqlarının işğalında) qələbə çala bilməzdik” deyən Paşinyan diasporanın bu gün də Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı. Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı, ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn, dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa uduzmaz. Paşinyan maraqlı təklif də irəli sürdü: “Xarici ölkədə yaşayan hər erməni İrəvanda ev alsın”.

Xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı Ermənistanın beynəlxalq maliyyə təşkilatlarının yatırımlarına ehtiyacı olmazdı. Ancaq erməni diasporunun nümayəndələri hərif deyillər, Amerikada qazandıqları pulları Ermənistanda göyə sovurmaq istəməzlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq” sualı erməni diasporunu da düşündürməyə bilməz. Ancaq bir məsələdə Paşinyan haqlıdır. Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolu olub və onlar bu “çalışmalarını” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışlarının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik", - deyə politoloq bildirib.

Avropa.info


Oxunma sayı: 5391

Oxşar yazılar