Raquf Orucovun həyat yoldaşı Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis zabitlərinin ailələrinə dəstək verib

  • 20 Sen - 2019

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova 2018-ci ildə Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun ailə üzvlərinə aprel döyüşlərində şəhid olan analar adından dəstək verib.

APA-nın məlumatına görə, S. Orucova Azərbaycan Prezident İlham Əliyevə müraciət edərək "Gəncə işi"nin ədalətli araşdırılması, polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasovun qətlində, Gəncədə iğtişaşların baş verməsində günahı olanların layiqli şəkildə cəzalandırılmasını xahiş edib.

Aprel şəhidi Raquf Orucovun xanımı şəhid polislərin ailələrinin yanında olduğunu bəyan edib: “Şəhid polislərin ailələrinin ağrısını, acısını ən yaxşı dərk edən ailələrdən biri də bizik. Bir fərqimiz var, mənim həyat yoldaşım Raquf Orucov bizim əbədi, əzəli düşmənlərimiz ermənilər tərəfindən şəhid edilib, polislər isə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzində öz millətimizin nümayəndələri tərəfindən həlak ediliblər.

Heç bir cinayət cəzasız qalmır və qalmamalıdır. Bu gün həmin şəxslər əfv edilib azadlığa buraxılsa, biz o polislərin övladlarının gözünə necə baxa bilərik?  İğtişaşlarda günahı olanlar azadlığa buraxılarsa, sabah sabitliyi necə təmin edə bilərik?"

Qeyd edək ki, İlqar Balakişiyevin həyat yoldaşı Nazilə Balakişiyeva və Səməd Abbasovun həyat yoldaşı Leyli Abbasova da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək günahkarların layiqincə cəzalandırılmasını istəyiblər.


 


Oxunma sayı: 1145

Oxşar yazılar