“Sosial evlərin çoxu baha qiymətə kirayə verilir” – Ekspert

  • 18 Sen - 2019

Son günlər İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) edilən müraciətlərdə sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsi üstünlük təşkil edir. Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb.

Avropa.info xəbər verir ki, bu barədə mərkəzin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır: "Nəticədə sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir. Aydındir ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərini əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc əldə etməyə çalışır. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır".

Ekspert qeyd edib ki, bellə hallarda evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yaradır.

"Evlərinin sayını artıraraq kirayədən gəlir əldə edirlər. Belə halların qarşısının alınması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istıfadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlət vəsaiti hesabına inşa edilir və evlərə sahiblik sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar. Bütün bunlar gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər", - deyə V.Bayramov vurğulayıb.


Oxunma sayı: 683

Oxşar yazılar