Şəmsəddin Əliyevdən Gültəkin Hacıbəyliyə sərt cavab: "Heç bir Azərbaycan polisi Milli Şuranın fəaliyyətini dəstəkləməz"

  • 12:30 - 18 Sentyabr

“Milli Şuranın üzvü Gültəkin Hacıbəyli guya hansısa polis bölməsində olarkən bir polis zabitinin ona yaxınlaşıb, “Milli Şuranı dəstəklədiyini” deməsi reallıqdan uzaqdır. Gültəkin Hacıbəylinin bu açıqlaması da birmənalı qarşılanmır”.

Bu sözləri Avropa.info-ya "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib.

Şəmsəddin Əliyev hesab edir ki, bəlkə həmin polis mayoru Gültəkin Hacıbəylinin gözəlliyini vəsf etmək, ona kompliment demək üçün yaxınlaşıb.

“Azərbaycan polisi ölkədə sabitliyin təminatçılarından biridir. Bu təminatdan hər bir Azərbaycan vətəndaşı kimi Gültəkin Hacıbəyli də yararlanır”. 

Ş.Əliyev bildirib ki, Gültəkin Hacıbəyli gur axan selin əksinə getmək istəyir: “Gültəkin Hacıbəyli on il Milli Məclisin deputatı kimi seçiciləri təmsil edib. Bu on ildə dövlətin bütün sahələrdə apardığı siyasəti dəstəkləyib. Lakin indi fəaliyyətində şübhəli məqamlarla zəngin bir qurumun - Milli Şuranın təbliği ilə məşğuldur. Gültəkin Hacıbəyli bilməlidir ki, heç bir Azərbaycan polisi Milli Şuranın fəaliyyətini dəstəkləməz. Reallıqdan uzaq məlumatlar yaymaqla Gültəkin Hacıbəyli növbəti dəfə siyasi xal toplamaq niyətindədir. Bu yalan məlumata Gültəkin Hacıbəylinin ətrafında olan 5-6 nəfərdən başqa kimsə inanmaz”.

“Azərbaycan polisi DİN kollegiyası çərçivəsində asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələri yerinə yetirir. Azərbaycan polisi xidməti fəaliyyətin insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini bilir və fəaliyyətinin əsas istiqamətini bu sahədə qurur. 

Səadət hər bir fərdin yanından üç dəfə keçə bilər. Milli Şura isə yanından ötüb keçən bu fürsəti artıq çoxdan əldən çıxarıb. Gültəkin Hacıbəylinin yalanın bütün növlərinə aid ola biləcək bu açıqlaması sərsəm bir açıqlamadır. 

Bildirmək istəyirəm ki, Azərbaycan polisi Dövlətinin, Bayrağının ətrafında sıx birləşib. Azərbaycan polisi qürur duyulacaq səviyyədə fəaliyyət göstərir. 

Polisin adından yalan məlumatlar yayanlara səslənmək istəyirəm: Yerinizdə farağat durun!”, - deyə Şəmsəddin Əliyev bildirib.


Oxunma sayı: 9571

Oxşar yazılar