Yol polisindən əhaliyə və KİV-ə ciddi xəbərdarlıq

  • 18 Sen - 2019

Post-patrul xidməti əməkdaşlarının Bakıda piyadaları cərimələməyəcəyi mediada son günlərin ən çox müzakirəyə səbəb olan mövzularından biridir. Bu qərardan sonra nəzarət və cərimə mexanizmini Bakı şəhər Baş Dövlət Yol Polisinin əməkdaşları həyata keçirəcək. Görəsən, qəflətən bu qərarın verilməsində səbəb nə olub?

Bakı şəhər Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov mövzu ilə bağlı Lent.az -a açıqlama verib. O, əvvəlcə bəzi KİV-lərə müraciət edərək yalan məlumat yaymamağı tövsiyə edib:

“Dəyişən heç nə yoxdur. Sadəcə olaraq, piyadalara nəzarət və cərimə sistemi yenidən yol polisinə qaytarıldı. Əvvəlki illərdə Azərbaycanın avtomobil yollarında həyatını itirən piyadaların statistikası 69 faiz idi. Bu yüksək göstəricini aşağı salmaq üçün nəzarət və cərimə mexanizmi post-patrul xidmətinin əməkdaşlarına verildi. Görülən tədbirlər, həmçinin ən əsası da yeni tikilən yeraltı və yerüstü piyada keçidləri sayəsində bu rəqəm 60 faizə endirildi. İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, pozuntulara yol verən piyadalar üçün 20 manat cərimə nəzərdə tutulur. Yeni əlavə olunan 338.2.1-ci maddəyə görə, sürəti 80 km/saat olan yollarda qayda pozan piyadalar 40 manat cərimə olunur. Təəssüf ki, kütləvi informasiya vasitələri bu məlumatı olduğu kimi yaymadılar . “Piyadalar daha cərimələnməyəcək” başlığı reallığa heç də uyğun deyil. Dediyimiz kimi, profilaktik tədbirlər yenə keçiriləcək, cərimələr tətbiq olunacaq”.

Vaqif Əsədov piyadalara müraciət edərək yollarda ehtiyatlı olmağa səsləyib: “Dövlət Yol Polisinin məqsədi profilaktik tədbirlər keçirib insanları cərimələmək deyil. Biz istəyirik ki, insanlar maariflənsin. Yollarda piyada ölüm halları olmasın. Bu cür tədbirlər Dövlət Yol Polisinin və medianın birgə əməyi nəticəsində öz bəhrəsini verir. Ümid edirik ki, görülən tədbirlər nəticəsində ilin axırına kimi 60 faizlik statistika daha da azalacaq”.


Oxunma sayı: 980

Oxşar yazılar