Diaspor sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

  • 15:44 - 17 Sentyabr

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan əl-Əzhər Universitetinin rektoru, professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb. 

Bu haqda Avropa.info-ya Seymur Nəsirov özü məlumat verib. 

Görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. S.Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə cənab Məhəmmədə öz təşəkkürünü bildirib. 

Diaspor sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu qeyd edib. Görüşün ən əsas mövzularından biri Azərbaycan İlahiyyat İnstitutu ilə əl-Əzhər Universiteti arasında əlaqələrin qurulması olub. S.Nəsirovun Azərbaycana etdiyi səfər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşüb. Rektorla Azərbaycan İlahiyyat İnstitutu ilə Misir universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri ilə o cümlədən əl-Əzhər Universiteti ilə əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib. 

Cənab Məhəmməd Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhər Universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımi dəstəyi verməyə hazır olduğunu qeyd edib. 

Sonra Rektor Əl-Əzhər Universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə S. Nəsirova öz təşəkkürünü bildirib. Görüşdə prorektor Dr. Əşrəf Atiyya da iştirak edib. 

Qeyd edək ki, ƏL-Əzhər Universiteti 972- ci ildə fəaliyyətə başlayıb və hal-hazırda dünyanın 115 ölkəsindən olan tələbə orada təhsil alır. Adı çəkilən universitetdə tələbələrin ümumi sayı yüz minlərlədir. Bu universitetin Humanitar fənlər fakültəsində 300-dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspor sədrinin köməkçisi İnarə Osmanova aparır.

Elnur Eltürk


Oxunma sayı: 4896

Oxşar yazılar