Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı - 66 faizi kişilərdir

  • 15:31 - 17 Sentyabr

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Avropa.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,7 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Qazaxıstan, 1,4 faizi İsrail, 1,3 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-avqust aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  25,3 faiz artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 788,8 min nəfər olub:

“Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.                                                                                       

DSK-dan verilən məlumatda həmçinin qeyd olunub ki, 2019-cu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artaraq 3729,2 min nəfər olub. Ölkə vətəndaşlarının 36,4 faizi İrana, 29,0 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1 faiz, Gürcüstana gedənlərin sayı 13,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,4 faiz, Türkiyəyə gedənlərin sayı isə 5,1 faiz artıb.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,2 faizi dəmir yolu və avtomobil, 17,1 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib”.


Oxunma sayı: 4126

Oxşar yazılar