“Əhsənüt-təvarix” əsərinin I cildi Azərbaycan dilində nəşrə hazırlanır

  • 16:11 - 16 Sentyabr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun "Əhsənüt-təvarix” ("Tarixlərin ən yaxşısı”) əsərinin Azərbaycan dilinə tərcüməsini başa çatdırıb və onun I cildini nəşrə hazırlayır.

Tarix İnstitutundan Avropa.info-ya verilən məlumata görə, əsəri fars dilindən tərcümə edən institutun "Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

Şahin Fazil əsərin tam tərcüməsi və ona yazdığı geniş şərhlər üzərində 10 il işləyib. Əsər "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunacaq. Layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

"Əhsənüt-təvarix”in dövrümüzə qədər gəlib çatmış iki cildində Azərbaycanın və ona qonşu olan ərazilərin XV-XVI əsrlər tarixindən bəhs edilir. Salnamədə Qaraqoyunlu-Ağqoyunlu, Ağqoyunlu-Səfəvi münasibətləri yaxşı işıqlandırılıb, Şirvan və Şəkinin tarixinə dair zəngin məlumat verilib. Həsən bəy Rumlu əsərdə dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordu və siyasi tarix haqqında qiymətli məlumatlar verir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında ya tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilib.

Salnamənin faydalı cəhətlərindən biri də Həsən bəy Rumlunun məşhur dövlət xadimləri, tarixçilər, şairlər, alimlər və başqa görkəmli şəxslər haqqında məlumat verməsindədir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilib.

"Əhsənüt-təvarix” özündən sonra yazılan bir sıra tarixi əsərlər üçün mühüm mənbə rolunu oynayıb.

Xatırladaq ki, Şahin Fazil bundan əvvəl orta əsr müəllifləri İsgəndər bəy Münşi, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.


Oxunma sayı: 14444

Oxşar yazılar