Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır

  • 14 Sen - 2019

Niderlandda islam təşkilatları tərəfindən yaradılmış bir neçə ibtidai təhsil ocağında keçirilən şəriət dərslərində uşaqlara “qız və oğlan bir-birinə baxa bilməz”, “kafirlərin paltarını geymək olmaz” və s. “biliklərin” verilməsi bu ölkənin Təhsil Nazirliyini hərəkətə keçirib.

Təhsil naziri Arie Slob həmin məktəblərdə yoxlamalar aparılması barədə nazirliyin müfəttişlərinə göstəriş verib. Bundan başqa, Niderlandın iqtidar və müxalifət partiyaları dini etiqada əsasən təhsil azadlığını tənzimləyən Konstitusiyanın 23-cü maddəsini dəyişmək üçün təklif hazırlayıblar.

Niderlandın NOS telekanalında yuxarıda göstərilən məktəblər haqqında reportaj göstərilib. Məlum olub ki, 52 müsəlman məktəbindən 44-nün sahibi İslam Məktəbləri Təşkilatı adlı qurumdur və onun tədris proqramı Niderland qanunlarına ziddir. Xüsusən qız uşaqlarının geyim tərzinə aid olan qadağalar, onların qarşı cinslə ünsiyyətinin pislənməsi, digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük niderlandlılarda ciddi narahatlıq yaradıb. Təhsil naziri Arie Slob bəyan edib ki, dövlətdən maliyyə yardımı alan bu məktəblərin ölkə qanunlarına zidd təhsil verməsi onu narahat edib. O əlavə edib ki, din azadlığı çərçivəsində fəaliyyət göstərən məktəblər də qanunlara əməl etməlidirlər.

Niderland hökumətinin koalisiya ortağı Azadlıq və Demokratiya Naminə Xalq Partiyası və müxalifətdə olan Fəhlə Partiyası parlamentdə Konstitusiyaya müvafiq dəyişikliklər edilməsi məsələsini qaldırıblar. “Demokratlar 66” partiyası isə bəyan edib ki, bu proses çox vaxt aparacaq və dini fundamentalizm zəminində təhsilin qarşısını almaq üçün təhsil müfəttişlərinin səlahiyyətlərini genişləndirmək lazımdır.


Oxunma sayı: 639

Oxşar yazılar