"Ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur" - Əli Əhmədov

  • 17:38 - 13 Sentyabr

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon ərazi ilk təşkilat sədrlərinin müşavirəsi keçirilib.

APA -nın məlumatına görə, müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov dekabrda növbəti bələdiyyə seçkisinin keçiriləcəyini bildirib.

O, bugünkü müşavirədə bələdiyyə seçkilərinə hazırlığın müzakirə olunacağını diqqətə çatdırıb: “YAP hər zaman seçkilərə yüksək səviyyədə hazırlaşır. İndiyə qədər qazandığımız qələbələr də bunun bariz nümunəsidir. YAP qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. İnanırıq ki, bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq”.

YAP icra katibi deyib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar siyasi həyatda bir canlanma müşahidə olunur: “Bizi narahat edən odur ki, Azərbaycanda siyasi proseslərdə normal seçki texnologiyalarından tamamilə fərqli formada istifadə etmək yayılmağa başlayıb. Azərbaycan son illər böyük inkişaf yolu keçib. Həyatımızda böyük irəliləyişlər baş verib. Bu inkişaf prosesləri hər birimizin gözü önündə olur. Azərbaycanın inkişafını digər ölkələrin inkişaf templəri ilə müqayisə etsək, Azərbaycan ən sürətli inkişaf edən ölkələrdən biridir. Azərbaycan ən uğurlu gənc dövlətlərdən biri hesab olunur. İnkişaf daha böyük inkişaf üçün stimul yaradır. Azərbaycanın inkişafı, insanların rifahının yaxşılaşması fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır. Xüsusən ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur”.

Ə. Əhmədov bu kampaniyaların qarşısının alınması üçün partiya üzvlərini daha fəal olmağa səsləyib.


Oxunma sayı: 3972

Oxşar yazılar