Nüfuzlu musiqi yarışmalarının qalıbı Canel Nəcəfli kimdir?

  • 16:52 - 13 Sentyabr

“İstedadlı gənclər üçün bu cür imkanın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdaram”

Canel Nəcəfli, Bakı Musiqi Akademiyasının tələbəsi:

24 mart 2002-ci ildəBakıda anadan olub. 2004-2007-ci illər ərzində Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrının fəal üzvü kimi çıxış edib. 2008-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin I sinfinə (skripka ixtisası üzrə) daxil olub. III-V siniflərdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi məktəbin “Tutti” kamera orkestrinin, VI sinifdən etibarən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin üzvü olaraq I skripkaçıların konsertmeysteri olub. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alıb. İlk solo çıxışı 2014-cü ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində Barokko festivalında dinlənilib. 2015-ci ildə Polşada keçirilən “Karavan Kulturi” Beynəlxalq müsabiqə-festivalda I yerə, 2016-cı ildə “Josef Micka” adına festival-müsabiqədə (Çexiya, Praqa) Fəxri diploma, 2016-cı ildə “Rodniki duşi” adlı Respublika müsabiqəsində (Bakı) I, 2016-cı ildə “Futures Stars” adlı Beynəlxalq müsabiqədə (Bakı) I, 2017-ci ildə “Testene Art Baku” Beynəlxalq müsabiqədə (Bakı) I, 2018-ci ildə “Grumiaux” (“Bravo”) Beynəlxalq müsabiqədə (Brüssel, Belçika) isə III yerlərə layiq görülüb.

“Grumiaux” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin 4 üzvü məni öz ölkəsinə oxumağa təklif və dəvət etdi. Mən də 1 il sonra həm bir ifaçı kimi, həm də müəllim kimi çox istedadlı skripkaçı olan Roman Fedçuku və Çexiya Konservatoriyasını seçdim. Bu ilin yanvar ayında qəbul imtahanında iştirak etdim və 25 baldan 25 bal yığdım, qəbulda iştirak edən 24 nəfərin içərisində ilk beşlikdə idim. Bu müsabiqə skripka ifaçıları üçün Azərbaycanda ali məktəbə müsabiqədənkənar daxil olmaq imkanı verir. Hazırda Çexiya Konservatoriyasının əyani və Bakı Musiqi Akademiyasının qiyabi təhsili üzrə I kurs tələbəsiyəm. Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi də daxil olmaqla 5 Respublika və Beynəlxalq müsabiqələrin birinci yer qalibiyəm.

Ümid edirəm ki, dinləyici auditoriyam daha da artacaq və Azərbaycanın bayrağını təkcə Polşada, Belçikada, Çexiyada deyil, digər ölkələrdə də qaldıracağam. Bir arzum da vardır ki, skripkamın sədaları Şuşadan gəlsin! Bu, bütün Azərbaycanın və Azərbaycansevərlərin başlıca arzusudur.

Azərbaycanda istedadlı gənclər üçün bu cür imkanın yaradılmasına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, dövlətimizin diqqət və qayğısını hər zaman hiss edirik. Vətəndaş olaraq dövlətimiz, milli kimliyimiz adına bundan sonra da ləyaqətlə xidmət etmək məqsəd-məramımızdır. Nazirlər Kabinetinin xüsusi qərarı ilə musiqiçilər üzrə isə bu il siyahıda adları verilən müsabiqə iştirakçılarının ali məktəbə müsabiqədənkənar qəbul olunmuş məzunlardan Azərbaycan üzrə təkcə mənəm.


Oxunma sayı: 8053

Oxşar yazılar