Siyavuş Novruzovun "altına milyardlar yığan köhnə nazirlər" açıqlamasına rəsmi cavab : "Araşdırma aparılmır"

  • 10 Sen - 2019

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb.

 Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Baş Prokurorluğun rəsmisi Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.

Avropa.info xatırladır ki, bir neçə gün öncə, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalarla cıxış etmişdi. 

Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?! Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz . Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq! Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də…var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq" - Siyavuş Novruzov belə demişdi.

YAP-ın icra katibi , baş nazirin müavini Əli Əhmədov isə mətbuata verdiyi müsahibəsində Siyavuş Novruzovun "bəzi keşmiş nazirlər" açıqlamasına cavab vermişdi. 

“Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq insanlardır. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır”- Əli Əhmədov belə deyib.

Avropa.info   


Oxunma sayı: 2795

Oxşar yazılar