Hakim partiyada “düşmənlər” və “altına milyardlar yığan nazirlər” polemikası - Əli Həsənov və Əli Əhmədovdan bu fikirlərə etiraz

  • 09 Sen - 2019

Hakim Yeni Azərbaycan Partiyasında mövqeyini dəyişib müxalifətdən hakimiyyət düşərgəsinə keçənlər və “altına milyardlar yığıb indi hakimiyyəti müdafiə etməyən” keçmiş nazirlər barədə polemika gedir.

YAP-dan deputatlar Eldar İbrahimovun və Siyavuş Novruzovun mətbuata verdikləri bu məzmunlu açıqlamalara prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi və hakim partiyanın icra katibi reaksiya veriblər. Və onların dediklərinin YAP-ın , hakimiyyətin rəsmi mövqeyi olmadığını ifadə ediblər.

Polemikaya və hakimiyyətdə etiraza səbəb olan belə açıqlamalardan birini YAP-ın yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimov verib. O, əvvəllər müxalifətdə olan, sonra mövqeyini dəyişib iqtidar düşərgəsinə keçən siyasətçiləri “düşmən” adlandırıb.

“Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir”,-deputat deyib.

Eldar İbrahimov ad çəkməsə də onun vaxtilə müxalifətdə olub indi hakimiyyətin tərəfində olub mandat alan, “yaxşı pul qazanan” siyasətçiləri nəzərdə tutduğu bəlli olub.

 

“Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil”,-Eldar İbrahimov belə deyib.

Bundan əvvəl isə YAP-ın digər aparıcı fiquru, deputat Siyavuş Novruzov “altına milyardlar yığıb indi xımır-xımır yeyən, amma hakimiyyəti müdafiə etməyən və üstəlik xaricdəkilərə pul ötürən” bəzi keçmiş nazirlər haqda səs-küylü açıqlama vermişdi.  Deputat demişdi ki, onların kimlərə pul verdiyi barədə siyahı əlinin altındadır və belələri özünü yığışdırmalıdır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bu gün Facebook-da Eldar İbrahimovun açıqlaması ilə bağlı yaydığı məqaləsində “mövqeyini dəyişənlər” barədə fikirlərin hakimiyyətin rəsmi mövqeyini ifadə etmədiyini bildirib.

“Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır”,-Əli Həsənov bildirib.

Əli Həsənov xatırladır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmişdi.

“Həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi. Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi. Hakimiyyətdə olduğu bütün müddət ərzində ümummilli lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, mili birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaradıb”,-Ə.Həsənov yazıb.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır.

“Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”,-o əlavə edib.

YAP-ın icra katibi Əli Əhmədov da deputatların fikirlərinə münasibət bildirib. Və mövqeyini dəyişib hakimiyyətin tərəfinə keçənlərin “düşmən” hesab edilməsini bölüşmədiklərini ifadə edib.

“Prezident İlham Əliyevin dövlət maraqlarının ən yüksək səviyyədə ifadə olunmasına və həyata keçirilməsinə yönəldilmiş siyasəti eyni zamanda həmin maraqlar naminə bütün siyasi qüvvələrin birliyini, dialoqunu və əməkdaşlığını həm nəzərdə tutur, həm də mümkün edir. Hakimiyyət milli maraqlar naminə konstruktiv mövqedə olan siyasi partiyaların vahid mövqeyinin formalaşmasını alqışlayır və bu zəmində əməkdaşlığa hazır olduğunu bildirir. Yaxşı haldır ki, siyasi partiyaların böyük bir qismi dediyim bu xətti dəstəkləyir və adekvat cavab verir. Nəticədə müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid mövqeyinin yaranması, səmərəli əməkdaşlığı sahəsində ciddi irəliləyişlər əldə edilib”,-o bildirib.

Əli Əhmədov habelə deyib ki, bu gün ölkədə həyata keçirilən siyasətdə milli birlik, milli həmrəylik ideyası mühüm yer tutur. Və YAP bunu sadəcə bəyanat kimi deyil, real siyasət olaraq qəbul edir və həyata keçirilməsi naminə real addımlar atır.

“Dövlətçilik naminə əməkdaşlıq etdiyimiz hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşırıq, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxırıq. Düşünürəm ki, onları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib”,-Əli Əhmədov deyib.

YAP-ın icra katibi “bəzi keçmiş nazirlər” haqda deyilənlərə də münasibət bildirib.

Onun müsahibəsindən sitat: “Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq insanlardır. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır”.

Virtualaz.orq


Oxunma sayı: 2630

Oxşar yazılar