Bəhlul Mustafazadə: "İki kuryoz qolla uduzduq" - Müsahibə

  • 07 Sen - 2019

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadənin "Report"a müsahibəsi.

- Kardiffdə Uels yığmasına 1:2 hesabı ilə uduzduğumuz AVRO-2020-nin seçmə oyununda əsas millidə debüt etdiniz. İlk matçınızı necə qiymətləndirirsiniz? Bu gün meydanda ən yaxşılardan biriydiniz... 

- Debütümü normal qiymətləndirirəm. Təkcə mən yox, bütün komanda yaxşı çıxış etdi. Görünür, hamımız yaxşı oynadığımız üçün mənim də çıxışım nəzərə çarpıb. Təəssüf ki, məğlub olduq. Daha yaxşı çıxış edə bilərdik. 

- Uels kimi komandaya qarşı oynadınız. Qarşınızda Qaret Beyl kimi futbolçu olduğu üçün həyəcanlanmırdınız ki?

- Bütün səmimiyyətimlə deyirəm, Azərbaycan çempionatında daha çox həyəcanlı olurdum, nəinki bu gün. Heç bir həyəcan yox idi.

- İtiriləsi bir şey olmadığı üçün həyəcan yox idi?

- Xeyr. Meydana çıxdım, atmosferi gördüm və bundan çox zövq aldım. Oyunun bitməsini istəmirdim. Səhərə kimi davam etsə, oynayardım. 

- İki qəribə qolla uduzduq. Bu gün bəxtimizin də gətirmədiyini deyə bilərik? 

- Əlbəttə, buraxdığımız qollarda bəxtsizlik görünür. Rəqibin çox sayda qol şansı olmadı. İki kuryoz qolla uduzduq. Rəqibi analiz edərkən "ikinci mərtəbədə" yaxşı oynayan futbolçularına baxmışdıq. Buna uyğun bir şeylər etməyə çalışdıq.

- Bir ara karyeranı Şotlandiyanın "Reyncers" və "Seltik" komandalarında davam etdirmək variantının olduğu barədə xəbərlər çıxmışdı, amma sonra təsdiqini tapmadı. Bu oyunun özünüzü britaniyalılara göstərmək üçün yaxşı şans olduğunu düşünmürsünüz ki? 

- Əlbəttə, niyə də olmasın?! Hədəfim daha böyük klublara getmək, Avropada oynamaqdır. Ancaq bir matç heç nə demək deyil. Bu, davamlı olmalıdır ki, nəticə də gəlsin. 

- Beyl qələbə qolunu vursa da, meydanda elə də çox diqqət çəkmirdi. Baş məşqçi onu tutmaqla bağlı konkret tapşırıq vermişdi? 

- Baş məşqçi deməsə belə, hamımız Beyli tanıyırıq. Top onda olanda nələr edə biləcəyini az-çox bilirik və daha diqqətli oluruq. Rəqibin iki daha təhlükəli oyunçusu vardı. Biri Beyl idi, digəri Daniel Ceyms. Maksimum diqqətli olmağa çalışırdıq. 

- Final fitindən sonra oyunçularımız forma dəyişmək üçün Beylə və rəqibin digər futbolçularına yaxınlaşırdılar. Siz kiminlə mübadilə etdiniz?

- Məndə forma dəyişmək söhbəti yoxdur.

- Sentyabrın 9-da Xorvatiya yığması ilə Bakıdakı oyunda da start heyətində yer alacağınızı düşünürsünüz? 

- Bu, baş məşqçinin qərarıdır. Hansı taktikanı seçəcəyindən asılıdır, bir söz deyə bilmərəm. Müsbət nəticə qazanmağa çalışacağıq.


Oxunma sayı: 518

Oxşar yazılar