Xüsusi xidmət orqanlarının başçıları Bakıda terrorizmlə mübarizəni müzakirə etdilər

  • 06 Sen - 2019

Sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak ediblər.

İclası giriş sözü ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev açıb, tədbirin işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Daha sonra general-leytenant Əli Nağıyev çıxış edərək Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv olan və müşahidəçi qismində iştirak edən dövlətlər üçün ciddi təhlükə doğuran terrorçuluğa, dini ekstremizmə və təcavüzkar separatçılığa birmənalı və vahid mövqedən yanaşmanın zəruri olduğunu bildirib.

Xidmət rəisi türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin etibarlı təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

General-leytenant Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin təsis edilməsinin əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə əlverişli şərait yaradacağına ümidvar olduğunu söyləyib.

İclasda çıxış edən Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov beynəlxalq terrorçuluğun dövlətlərimizin milli mənafelərinə yaratdığı təhdidlərdən danışıb. General-leytenant Orxan Sultanov bu baxımdan türkdilli dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizov və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin rəhbəri İrakli Çimakadze də ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması üzrə əməkdaşlıq perspektivləri barədə danışaraq, terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə digər iştirakçıların da çıxışları və multimedialı təqdimatları maraqla qarşılanıb, beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi üsulları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatları mübadiləsinə dair və maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında, həmçinin XXII Bakı iclasının nəticələri üzrə müvafiq sənədlər imzalanıb.

Konfransın növbəti iclasının gələn il Qazaxıstanın Almatı şəhərində keçirilməsi qərara alınıb.


Oxunma sayı: 1497

Oxşar yazılar