ƏDV-dən yayınmaya görə Avropa İttifaqı ölkələri 137 milyard avro itiriblər

  • 22:46 - 05 Sentyabr

Əlavə dəyər vergisindən yayınmaya görə Avropa İttifaqı ölkələri 2017-ci ildə ümumilikdə 137 milyard avro itiriblər.

Avropa Komissiyasının məlumatına görə, əvvəlki illərlə müqayisədə vergidən yayınma halları azalsa da, “ƏDV itkisi” yenə də kifayət qədər ciddi rəqəmlərlə ifadə olunur. Eyni zamanda, İttifaq ərazisində vergilərin yığılması ilə bağlı geniş islahatların keçirilməsi tələb edilib.

Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Pyer Moskovitsi bildirib ki, 2016-cı ildə büdcəyə vergi köçürmələrində 150 milyard avro ƏDV əskik gəlib. Əlverişli iqtisadi mühit və qısamüddətli siyasi tədbirlər sayəsində büdcəyə ƏDV ödəmələrində irəliləyiş əldə olunub. Bununla belə, komissar ƏDV sisteminin saxtakarlığa qarşı möhkəmləndirilməli olduğunu və Aİ ölkələrinin qarşılıqlı əməkdaşlığa diqqət ayırmalarını vacib addım kimi dəyərləndirib.

Qeyd edək ki, Aİ ölkələri arasında bu sahədə ən acınacaqlı vəziyyət Rumıniyada müşahidə olunub. Burada gözlənilən ƏDV-nin 36 faizi büdcədən yayındırılıb. İkinci yerdə 34 faizlə Yunanıstan, sonrakı yerdə isə 25 faizlə Litva dayanır. Dəqiq rəqəmlərə gəldikdə isə, ən yüksək ƏDV itkisi İtaliyada qeydə alınıb. Burada 33,5 milyard avro həcmində ƏDV maliyyə qurumlarına yönləndirilməyib.

Siyahıda ən aşağı ƏDV itkisi cəmi bir faizlə İsveç, Lüksemburq və Kiprdə müşahidə olunub.


Oxunma sayı: 6172

Oxşar yazılar