İranda "dərin dövlət" qalmaqalı : "Bir İstefa Hekayəsi" Tehran siyasi mətbəxini alt - üst etdi

  • 04 Sen - 2019

İran Radio Televiziya Qurumunun (İRİB) keçmiş baş direktoru Məhəmməd Serefrazın ölkədə təhlükəsizlik qüvvələrinə sızan, media və maliyyə gücünə malik "dərin dövlət" iddiasını gündəmə gətirdiyi "Bir İstefa Hekayəsi" kitabı qalmqala səbəb olub.

Avropa.info xəbər verir ki, Serefraz qısa müddət əvvəl internetdə yayımladığı "Bir İstefa Hekayəsi" adlı kitabında, dövlət içində IRIB əleyhinə fəaliyyət aparan bir şəbəkə olduğunu və baş direktor işlədiyi vaxtda İran lideri Əli Xamneyiyə bu haqda məlumat verdiyini bildirir.

Sözügedən kitabda Serefraz Xamneyiyə "ölkə daxili və xaricində maliyyə və mediaya malik, həm də təhlükəsizlik qüvvələri içində olan bir "dərin dövlət" IRIB əleyhinə planlar qurur" dediyini iddia edib.  Xamneyi tərəfindən 2014-cü ildə 5 il müddətinə IRIB baş direktoru təyin olunan, ancaq 2 il sonra istefa edən Serefraz, "dərin dövlət"in etdikləri qarşısında İnqilab Mühafizəçiləri Ordusunun (SEPAH) da səssiz qaldığını qeyd edir.

İran Araşdırmaları Mərkəzinin (İRAM) mütəxəssisi Həmid İbrahimi, qalmqala səbəb olan kitabla bağlı bir yazı qələmə alıb. 

"Serefraz dərc olunan xatirələrində İranda ən həssas qurumlarından biri olan IRIB ilə bağlı ətraflı məlumatlar bölüşmüşdür. Serefrazın bəyanatlarındakı ən diqqət çəkən məqam isə Rəhbərlik Ofisi, Kəşfiyyat Nazirliyi və xüsusən İnqilab Keşikçiləri Ordusu tərəfindən İRİB-in işlərinə edilən müdaxilələrdir. Serefraz  sözügedən müdaxilələrə müqavimət göstərməyə çalışdığını və qurumda baş verən korrupsiya, pozuntularla mübarizə etdiyinə görə təzyiqlərə məruz qalaraq nəhayət istefa vermək məcburiyyətində qaldığını iddia edir. Serefraz, Kəşfiyyat Qurumunun rəhbəri Hüseyn Taib, SEPAH-ın müşavirlərindən olan Hüseyn Məhəmmədi və Xamneyinin oğlu Müctəba Xamneyiyə  işarə edərək, bu şəxslərin istefa etməsində əsas rol oynadıqlarını irəli sürüb. 

Serafrazın Müctəba Xamneyi haqqında irəli sürdüyü iddialar həmin xatirələrin ən mübahisəli hissəsini təşkil edir. Çünki Xamneyinin ikinci oğlu Müctəbanın atasından sonra ölkəyə rəhbərlik etmək istədiyi, bu istiqamətdə bəzi işlər gördüyü 2009 hadisələrindən sonra müxaliflər tərəfindən irəli sürülürdü. Bu səbəbdən Serefrazın açıqlamaları Müctəbanın fəaliyyətləri ilə bağlı müxalifətçilərin iddialarını dəstəkləməsi baxımından da əhəmiyyətlidir" - Həmid İbrahiminin yazısında belə deyilir.

SEPAH-a yaxınlığı ilə tanınan Tasnim Xəbər Agentliyi də mövzu ilə bağlı bir analiz dərc edib.  "Serefraz və Bir Nüfuzun Hekayəsi" başlıqlı analizdə Serefrazın iddialarına dair hər hansı bir dəlil irəli sürməməsi tənqid edilib. 
  
Serefrazın kitabda gündəmə gətirdiyi keçmiş prezident Haşimi Rəfsəncaninin tənqidlərə dözə bilməməsi ilə bağlı iddialara isə Rəfsəncaninin qızı Faizə Haşimi cavab verib. Faizə Haşimi, "Keyhan" və "Salam" qəzetlərinin atasını ağır şəkildə tənqid etməsinə baxmayaraq Rəfsəncaninin bu qəzetlər əleyhinə addım atmadığını deyib.

Keçmiş İRIB baş direktoru Məhəmməd Serefraz, 273 səhifəlik kitabında  Xamneyinin İRIB üzərindəki həlledici rolu, qurumun müxalif lider Mir Hüseyn Musəvinin 2009-ci ildə iştirak etdiyi prezident seçkilərinə münasibəti və mediada yasaq qoyulan siyasətçilər kimi bir çox mövzunu qələmə alıb.
 

Avropa.info


Oxunma sayı: 2619

Oxşar yazılar