Maşınına səsgücləndirici quraşdıran sürücülərə çağırış

  • 18:08 - 22 Avqust

Son vaxtlar Bakıda bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqla səslərin süni şəkildə artırılması halları artıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şəhər sakinləri və sürücüləri narahat edən bu mövzu ilə bağlı Azərtac-a bildirib ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıq quraşdırılması halları müşahidə olunur. Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Təəssüf ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur.

Cəmiyyətin hər bir üzvünün bu mövzuda fəal iştirakının vacibliyini vurğulayan V.Əsədov deyib: “Hər kəs bu tip avtomobillərin əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səsgücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın. Mən də paytaxt sakini kimi elə hallara qarşı olduğumu da demək istəyirəm. Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıq quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıq zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunsun”.


Oxunma sayı: 3950

Oxşar yazılar