Saakaşvili “Qarabağ Azərbaycandır!” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı – Qalmaqal

  • 17:27 - 22 Avqust

“Qarabağ Azərbaycandır! Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır!”

Bu fikirlərin müəllifi Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru  Mixail Saakaşvilidir. 

Saakaşvili bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda səsləndirdiyi "Qarabağ Ermənistandır" bəyanatını şərh edərkən deyib.

Ancaq Saakaşvilinin səsləndiyi fikirlər birmənalı qarşılanmayıb. Bəzilərinə görə, Saakaşvili Gürcüstanın prezidenti olarkən bunları desəydi, daha anlaşılan olardı.

Əslində, Saakaşvili bu fikirləri ilə nə demək istəyir?

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev mövzu ilə bağlı Modern.az-a danışarkən bildirib ki, Saakaşvili böyük və məşhur populisitdir:

“Zaman-zaman populist bəyanatlarla gündəmə gəlməyə çalışır. Bu kimi bəyanatlarla hansı məqsədlər güddüyünü deyə bilmərəm. Nəyi kəşf etdiyini başa düşə bilmirəm. Bu gün Gürcüstan hakimiyyəti Azərbaycanın sərhədlərini, işğal olunmuş ərazilər üzərində  ərazi bütövlüyünü tanıyır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycanındır. Beynəlxalq ictimaiyyət də bunu dəfələrlə bəyan edib”.

Azərbaycanlı deputat düşünür ki, Gürcüstanın Azərbaycana olan siyasəti heç zaman dəyişməyəcək:

“Gürcüstan hakimiyyətində  kimin iqtidarda olmasından asılı olmayaraq, hər biri Azərbaycanın dostu, qardaşı, müttəfiqidir və Azərbaycanın haqq işini Gürcüstan həmişə müdafiə edib. Gürcüstan özü də separatizmə qarşı mübarizə aparır və separatçılıqdan əziyyət çəkir.

Gürcüstan həm Saakaşvili iqtidarı, həm də bizim iqtidarımız dövründə Azərbaycana olan siyasəti dəyişməyib və heç vaxt da dəyişməyəcək. Bu, həm Gürcüstanın beynəlxalq hüquqa sədaqətindən, həm Azərbaycanla olan strateji tərəfdaşlıq münasibətlərindən,  həm də bizim daxili problemlərimizdən irəli gəlir”

Xatırladaq ki, Mixail Saakaşvili Qarabağın Erməniastan deyil, Azərbaycan demək olduğunu deyib.

"Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu birincisi. İkincisi, ümid edirəm ki, Qafqazda daha bir müharibə olmayacaq", - deyə Mixail Saakaşvili qeyd edib.

Gürcüstana səfər etmək planları ilə bağlı verilən sualın cavabında Saakaşvili bildirib ki, Gürcüstanda məhz özünün 2001-ci ildə yaratdığı "Vahid Milli Hərəkat" partiyası fəaliyyət göstərir.  

"Lakin siz anlamalısınız ki, hazırda Gürcüstanda normal demokratiya yoxdur. Ona görə də bu Gürcüstana səfər elə də asan deyil. Mən məmnuniyyətlə elə indicə gedərdim. Lakin qan axıdılmasını, digər ölkələrin hərbi müdaxiləsini istəmirəm.

Mən oliqarxdan qorxmuram (Bidzina İvanişvili nəzərdə tutulur - red.). Amma bizim partiya aktiv şəkildə fəaliyyət göstərir, burada gənclər çoxdur. Biz daim əlaqə saxlayırıq", - deyə Mixail Saakaşvili vurğulayıb.


Oxunma sayı: 4412

Oxşar yazılar