Daşkənddə azərbaycanlı alimin kitabının təqdimatı olub – Foto

  • 16:43 - 22 Avqust

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə paytaxtda Azərbaycan və özbək dillərində çap olunan tanınmış alim Qulamhüseyn Əliyevin “Azərbaycan-özbək ədəbi əlaqələri” (1920-1960-cı illər) kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabı özbək dilinə şair və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Usman Kuçkar çevirib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, alimlər, tədqiqatçılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan-özbək ədəbi əlaqələri, habelə Qulamhüseyn Əliyevin yeni çapdan çıxmış kitabının sərgisi ilə tanış olublar.

AMM-nin direktoru Samir Abbasov bu tədqiqat əsərində 1920-ci ildən 1960-cı ilədək Azərbaycan-özbək ədəbi əlaqələrinin ətraflı araşdırıldığını, o dövrün ədəbi proseslərini izləyən ilk elmi iş olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan-özbək ədəbi əlaqələrini araşdıran hər iki ölkənin tədqiqatçıları, ədəbiyyatşünasları üçün elmi-nəzəri mənbə olan bu nəşrin faktiki materiallarla, təhlillərlə zəngin olduğunu qeyd edib, AMM-nin iki ölkə arasında mədəni-ədəbi əlaqələri tədqiq edən belə əsərlərə daim dəstək olduğunu bildirib.

Filoloq alim, tərcüməçi Babaxan Şərif əsər haqqında öz düşüncələrini paylaşaraq, ədəbi əlaqələrimiz haqqında danışıb, hər iki xalqın şairlərinin, yazıçılarının bir-birindən faydalandığını, özbək şairi Əlişir Nəvainin Nizami Gəncəvidən bəhrələndiyini, Azərbaycan şairi Məhəmməd Füzulinin isə Nəvaidən və digər özbək şairlərindən ilham aldığını söyləyib. Sovet dövründə şairlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin, onların bir-birinə təsir imkanlarının Qulamhüseyn Əliyevin tədqiqat əsərində elmi cəhətdən geniş araşdırıldığını və təhlil edildiyini söyləyib. Alim yüksək peşəkarlıqla araşdırılan və ədəbiyyat tariximizin mühüm səhifəsinə işıq salan tədqiqat əsərinin əhəmiyyəti və gələcək nəsillər üçün faydasından bəhs edib.

Tədbirdə özbək ədəbiyyatının tanınmış siması, Xalq şairi Qafur Qulamın qızı, şairin adını daşıyan ev-muzeyinin direktoru Almaz Qulamova öz fikirlərini bölüşüb, Qulamhüseyn Əliyevin və digər azərbaycanlı ədəbiyyatşünasların atası ilə olan əlaqələrindən danışıb.

Təqdimat mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə iki xalq arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair hazırlanmış “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.

Daha sonra digər məruzələr dinlənilib, elmi tədqiqat əsərinə dair müzakirələr aparılıb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun dosenti Gülnaz Səttarova nəşrdə ədəbi əlaqələrimizin çağdaş dövrlə yanaşı, orta əsrlər, klassik dövrünə aid maraqlı faktların, materialların da öz əksini tapdığını qeyd edib. Deyilib ki, müəllif Özbəkistanda dəfələrlə olub, özbək ədəbiyyatının tanınmış nümayəndələri ilə görüşüb, onlarla dostluq edib, özbək dilini mükəmməl öyrənib.

Biruni adına Daşkənd Şərqşünaslıq Universitetinin professoru Atxambek Olimbekov, Daşkənd Dövlət Dünya Dilləri Universitetinin dosenti Gülbahar Xəlilova, Özbəkistanda azərbaycanlı alim-akademik Almaz Məcidova xalqlar arasında əbədi dostluq körpüsü yaradan, gənclərə örnək olan, yüksək elmi və etik dəyərlərə malik Qulamhüseyn Əliyev kimi alimlərin xidmətlərini yüksək qiymətləndirərək, alimin belə əsərlərlə ədəbiyyatımıza yeni nəfəs gətirdiyini vurğulayıblar.

Kitabın tərtibçisi, Azərbaycan Mədəniyyət Nazirliyinin təsisçisi olduğu “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi, Qulamhüseyn Əliyevin qızı Zöhrə Əliyeva çıxış edərək kitabın ərsəyə gəlməsində göstərdikləri qayğı və dəstəyə görə Mədəniyyət Nazirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dərin minnətdarlığını bildirib. O ailədə özbək xalqına böyük hörmət və məhəbbət ruhunda tərbiyə aldıqlarını, bu ölkənin tarixinə, ədəbiyyatına, böyük və qədim mədəniyyətinə ehtiram olduğunu vurğulayıb. Evlərində həmişə özbək musiqisinin səsləndiyini, atasının tez-tez Özbəkistana səfərə getdiyini, evdə də tez-tez Özbəkistandan gələn qonaqların olduğunu, böyük özbək şairi Qafur Qulam, Maqsud Şeyxzadə və başqaları haqqında söhbətləri xatırladığını deyib. “Özbəkistan atam üçün ikinci vətən idi. Bizim ailəmiz üçün bu gün də belədir və hər zaman da belə olacaq. Budəfəki səfər bunu bir daha sübut etdi”,- deyən Zöhrə Əliyeva tədbirdə çıxış edən alim və ictimai xadimlərə Qulamhüseyn Əliyevin yaradıcılığına verdikləri yüksək dəyərə görə qürurlandığını və çox təsirləndiyini söyləyib. Zöhrə Əliyeva Qulamhüseyn Əliyevin bir alim kimi formalaşmasında böyük alim, akademik Məmməd Arif Dadaşzadənin böyük əməyi olduğunu və bu kitabın da bir tələbənin həm də öz müəlliminə ithafı kimi dəyərləndirdiyini deyib. Sonda o, bir daha bu işdə zəhməti keçənlərə dərin minnətdarlığını bildirib.

 


Oxunma sayı: 3543

Oxşar yazılar