“Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı çapdan çıxıb

  • 15:41 - 22 Avqust

“Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı işıq üzü görüb. Kitabın ideya müəllifi “Polisə Dəstək” İctimai Birliyidir.

Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı nəfis dizaynla, 775 səhifədən ibarət akademik məna və ensiklopedik məlumatları özündə ehtiva edən və ilk dəfə nəşr olunan kitabdır. Kitab müdrik diplomat, beynəlxalq aləmdə unudulmaz siyasi və dövlət xadimi kimi xatırlanan, idarəçilik fəhmi və qabiliyyəti ilə tanınmış dahi şəxslərlə bir sırada adı çəkilən Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətinə həsr edilib. 

Bununla bağlı “Polisə Dəstək” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb. Avropa.info-ya daxil olan məlumatda deyilir:

“Mənim tərcümeyi halım Azərbaycana həsr etdiyim həyatım, fəaliyyətim, əməllərimdir” – deyən Heydər Əliyevin əski və qloballaşan dünyada balanslaşdırılmış siyasətin əyani təzahürü kimi bu kitab ərsəyə gəlib. 

Kitabın ərsəyə gəlməsində müəllif və redaktorlar Emil Nəsirlinin, Fikrət Nağıyevin, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Bakı Biznes Universitetinin kafedra müdiri Əzim Piriyevin, Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Abduləli Abdullayevin, məsləhətçilər şair-publisist Ağacəfər Həsənlinin və Hüseyn Cavid irsinin tədqiqatçısı Həmid Cəfərovun xidmətləri danılmazdır. 

Kitab, Ümummilli Liderin yuxarıda qeyd etdiyim dərin mənalı fikri ilə açılır. Sonra Heydər Əliyevin canlı fotosu və həyatının məqsədini ifadə edən “Mənim həyatımın məqsədi-Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır....!” - hər birimizi düşündürən kəlamı diqqət çəkir. 70-ci illərdə çəkilmiş kəşfiyyat və əkskəşfiyyat baxışlarını əks etdirən mənalı fotosu çox şey deyir. 

Kitabın ikinci səhifəsində oxucunun hafizəsinə və təfəkkürünə hopa biləcək bir kəlam da var. Səhifə ABŞ-ın dövlət xadimi, dünya şöhrətli politoloq Zbiqnev Bzejinskinin sözləri ilə açılır: “Heydər Əliyev XX əsrin ən görkəmli siyasətçilərindən biridir. Siyasi hədəfləri düzgün seçməsi və böyük ruh yüksəkliyi ilə rəhbərlik etməsi Heydər Əliyevi tarixi şəxsiyyətlərdən - Corc Vaşinqtonu və Abraam Linkolnla, müasir dövlət xadimlərindən isə Çörçil, Ruzvelt, Şarl de Qollla bir sıraya çıxarır. Onun uzaqgörənliyi və fitri qabiliyyəti, fəhmi və qətiyyəti olmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmazdı”. 

Kitab üç fəsildən ibarət olub geniş oxucu kütləsi, orta və ali təhsil ocaqlarının tələbələri, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə çalışan heyətin vəzifə funksiyalarının icrası üçün əhəmiyyət kəsb edə bilər.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin qənaətinə görə, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq. Kitab texniki xətalardan da xali deyil. Lakin redaksiya heyətinin böyük xidmətinə münasibətdə diqqət çəkmir. “Polisə Dəstək” İctimai Birliyi kitabın çap olunmasında zəhməti olan, gərgin əmək və həyəcanla çalışan mətbəənin kollektivinə dərin təşəkkürünü bildirir".


Oxunma sayı: 15280

Oxşar yazılar