Rusiya hərbi poliqonunda sirli partlayış: nüvə monitorinq stansiyaları müəmmalı şəkildə susur...

  • 20 Avq - 2019

Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhəri sahillərində, hərbi donanma poliqonunda bu günlərdə baş vermiş sirli partlayışdan sonra radiasiya detektorlarında qısamüddətli yüksəliş qeydə alınıb. Ancaq monitorinq stansiyalarının susması Moskvanın partlayışın miqyasını gizlətməyə çalışması baxımından narahatlığı artırıb. Həmin partlayışda “Rosatom”un  beş əməkdaşı həlak olmuşdu. Rəsmi məlumata görə poliqonda maye yanacaqla işləyən raket mühərriki sınaqdan keçirilirdi.

Vyanada mənzillənən Hərtərəfli Nüvə Sınaqlarına Qadağa Sazişi Təşkilatı (CTBTO) bildirir ki, Rusiyadakı beş nüvə monitorinq stansiyasından dördü həmin partlayışdan sonra data ötürülməsini qəribə şəkildə dayandırıb. CTBTO-nun icraçı katibi Lassina Zerbo Twitter-də yazıb ki, iki stansiyanın operatorları “texniki problemləri” olduğunu bildirib. ​

“Ekspertlərimiz Rusiyadakı əməkdaşlarımızla əlaqə yaratmağa, stansiyaların əməliyyatları mümkün qədər tez bərpa etməyə çalışır”, – CTBTO-nun adı çəkilməyən rəsmisi avqustun 19-da CNN-ə deyib.

Avqustun 8-də Nyonoksa kəndi yaxınlığında baş vermiş partlayışdan sonra orada nə olduğu dəqiq açıqlanmayıb. Mülki və hərbi orqanlar itkilər haqda ziddiyyətli informasiya veriblər. Radiasiya yüksəlişinin haradan gəldiyi, təhlükəli olub-olmaması da naməlum qalıb.

Yaxınlıqdakı Severodvinsk limanında stansiyalar radiasiyanın yüksəldiyini qeydı alsalar da, Rusiya rəsmiləri bunun insan səhhətinə təhlükəli olmadığını deyiblər.

Yüzkilometrlərlə şimal-qərbdə, Norveçdə yerləşən monitorlar da partlayışdan sonrakı günlərdə havada radioaktiv yodun səviyyəsində kiçik artım qeydə alıblar. Ancaq bunu Nyonoksadakı partlayışla əlaqələndirməyiblər.

Kremlin sözçüsü Dmitri Peskov avqustun 19-da jurnalistlərə deyib ki, prezident “hər şey barədə” informasiya alsa da, monitorinq stansiyaları  onun səlahiyyətindən kənardır.

“Bu stansiyaların fəaliyyətinə gəlincə, səmimi desəm, onların kimə hesabat verdiyini bilmirəm. Jurnalistlər üçün onların kimə hesabat verdiyini tapmaq və bəzi informasiyanın niyə ötürülmədiyini öyrənmək daha asandır. Ancaq anlayırsız ki, dövlət başçısı orada nə baş verdiyi barədə hərtərəfli məlumat alır”, – o deyib.

Bəzi təhlilçilərin fikrincə, partlayan rusca “Burevestnik” adlanan nüvə enerjili qanadlı raket ola bilər. Prezident Vladimir Putin ötən il bu raketin hazırlandığını deyirdi.

Avqustun 19-da Fransa Prezidenti Emmanuel Makron ilə görüşən Putin deyib ki, insidentə görə radiasiya səviyyəsinin artması riski yoxdur. O, partlayışda ölən və xəsarət alanların dövlət mükafatı ilə şərəfləndiriləcəciyini vurğulayıb.

Bəzi mütəxəssislər hesab edir ki, nüvə monitorinq stansiyalarının söndürülməsi nüvə yanacağı ilə işləyən raket mühərriki ilə bağlı hərbi sirləri qorumaq üçündür. Çünki bu stansiyalar şüalanma barədə məlumatları ötürsə mühərrikin istifadə etdiyi yanacağın izotop tərkibi üzə çıxa bilər.


Oxunma sayı: 1035

Oxşar yazılar