Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən xəbər var

  • 14:04 - 20 Avqust

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Avropa.info Unikal.org-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, F.Abasovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə F.Abasovun idarə etdiyi "Porsche Cayenne GTS" markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın Azər Əliyevin idarə etdiyi "Wolksfagen Passat" markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib.

Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Xəzər Rayon Məhkəməsi A.Əliyevin barəsində bəraət hökmü çıxıb. Hökmə əsasən, F.Abasov 3 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan F.Abasov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, "Porsche Cayenne GTS" markalı avtomobil Milli Məclisin deputatı Cavanşir Feyziyevin adınadır. O, zərərçəkmiş qismində tanınıb.


Oxunma sayı: 3719

Oxşar yazılar