Məktəblərdə smartfon qadağası

  • 19:55 - 19 Avqust

Rusiyanın təhsil müəssisələrində mobil telefondan istifadə məhdudlaşdırıla bilər. Bununla bağlı Rusiya Təhsil Nazirliyi regional idarələrə təkliflər göndərib.

Virtualaz.org xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib. Qeyd olunur ki, smartfonlardan uzun müddət istifadə, eləcə də, məktəbdə istifadə uşağın psixikasına mənfi təsir göstərə bilər, hiperaktivliyə, qıcıqlanmaya, yuxu pozğunluğuna, habelə zehni fəaliyyətin zəifləməsinə, yaddaşın və diqqətin azalmasına səbəb ola bilər.

Nazirlik tövsiyə edir ki, zəruri hallarda, valideynlərlə şagirdlərin ünsiyyəti üçün məktəblərə mobil telefonların saxlanması üçün xüsusi yer ayırsınlar. Təhsil müəssisələrində mobil telefon qadağası şagirdlər, müəllimlər və valideynlər arasında aparılan sorğunun nəticələrinə əsasən gündəmə gəlib. Belə ki, sorğuda iştirak edən şagirdlərin 61 faizi, valideynlərin 89 faizi və müəllimlərin 90 faizi mobil telefonlarından istifadənin məhdudlaşdırılmasını dəstəkləyiblər.

Qeyd edək ki, ötən il Fransa parlamenti yaşı 15-dən aşağı olan məktəblilərə mobil telefondan, internetə bağlantısı olan bütün digər vasitələr, o cümlədən, planşet və “ağıllı” saatlardan istifadəni qadağan edən qanun qəbul etmişdi.

Azərbaycanın da təhsil müəssisələrində mobil telefonların qadağan olunması məsələsi dəfələrlə gündəmə gəlib. Təhsil ekspertləri də hesab edirlər ki, məktəblədə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu tədris prosesini pozmaqla yanaşı şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, təlim-tərbiyə prosesinə mənfi təsir edir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.


Oxunma sayı: 9351

Oxşar yazılar