Sentyabrın 1-dən vizasız qardaşlıq - Türkiyə mediası İlham Əliyevin tarixi qərarı haqda

  • 15:29 - 19 Avqust

1 sentyabrdan etibarən Türkiyə vətəndaşları üçün vizasız rejim qüvvəyə minir.

Avropa.info xəbər verir ki, bu xəbər qardaş ölkənin mətbuatında da öz əksini tapıb. Bu mövzu ilə bağlı jurnalist Buğra Kardanın “Yeniakit” qəzetinin saytında dərc olunan yazısını təqdim edirik:

“Dost və qardaş ölkə Azərbaycanla vizasız dövr başlayır. İki ölkənin 1 sentyabrdan etibarən 30 gün müddətində səyahətlər üçün tətbiq edəcəyi vizasız rejimin ticarəti də sürətləndirəcəyi gözlənilir.

Azərbaycanla 3,4 milyard dollar ticarət dövriyyəsi olan Türkiyə ticarətini ilk mərhələdə 6-7 milyard dollara çıxarmağı qarşısına məqsəd qoyub.  Vizasız rejimin bu hədəfə 1-2 il ərzində çatmağa şərait yaradacağı təxmin olunur.

Türkiyə Azərbaycan firmalarının əsas diqqət mərkəzində olan ölkədir. 6,3 milyard dollar sərmayə ilə Aliağada STAR neftayırma zavodunu təhvil alan SOCAR yeni sərmayələr qoymaq niyyətindədir. Almaniyanın enerji şirkəti EWE AG-nin Türkiyə əməliyyatlarını aparan “EWE Turkey Holding”i və qrup şirkətlərini də satın alan SOCAR prezidenti Rövnəq Abdullayev enerji istehsalı və tədarükü sahəsində sərmayə qoyuluşunun davam edəcəyini qeyd edib. Abdullayev neftayırma zavodunu böyütməyi planladığını da deyib. 

Türkiyədəki şirkətlər də Azərbaycanda fabrik açmaq üçün vacib addımlar atır. Vizasız dövrdə biznes fəaliyyətlərinin artacağı, yeni kapital qoyuluşu və layihələrin həyata keçəcəyi bildirilir. Belə ki, Ankara və Bakı arasında inşaat, rabitə və müdafiə sənayesi layihələri üçün dinamik görüşlər aparılır.

Vizasız rejim turizmdə də canlanma yaradacaq. Türkiyədən Azərbaycana gedən turist sayında da artım hiss ediləcək. 2017-ci ildə 300-400 min, 2018-də 400-500 min nəfər qeydə alınan türk turistlərin sayının 1 milyona çıxması gözlənilir.

Digər tərəfdən, Türkiyəni tərcih edən azərbaycanlı turistlərin sayı dayanmadan artır. 2017-ci ildə 400 min nəfər yaxın olan turist sayı 2018-də 800 min nəfəri keçib. 2019-cu ilin sonunda bu rəqəmin 900 minə çatması gözlənilir.

Qədim tarixi və mədəniyyəti olan Azərbaycanın paytaxtı Bakıda İçəri Şəhər adlanan ərazidə xeyli sayda tarixi abidə var. Şirvanşahlar Sarayı ən görkəmli tarixi abidələrdən biridir. Memarlıq quruluşu ilə diqqət çəkən Heydər Əliyev Mədəniyyət Mərkəzi, Xalça Muzeyi, Bakı bulvarı, Qız qalası, Nizami prospekti, Alov qüllələri Bakının ən gəzməli və görməli məkanlarındandır. Bakı ilə yanaşı Gəncə, Naftalan və Şəki kimi turizm bölgələrinə də rəğbət günü-gündən artır. 

Tur şirkətlərinin nümayəndələri Azərbaycanın 1 sentyabrdan etibarən viza rejimini götürməsini məmnuniyyətlə qarşılayırlar. Onlar qərarın Bakı və Şəkiyə turist axımını artıracağını bildirirlər:

“Müştərilərimiz vizanı maneə və yük kimi görürlər. Çünki viza üçün xeyli səy göstərmək, sənəd yığmaq lazımdır. Yaxşı ki, İlham Əliyev hökuməti qapıları açaraq müştərilərimizə rahat şərait yaratdı. Anlaşılan odur ki, Azərbaycan turizmdə iddiasını artıracaq, vacib istirahət mərkəzi halına gələcək”.

Azərbaycanın milli valyutası manat lirə ilə müqayisədə daha dəyərlidir. 1 manat 3,27 TL edir. Dollar qarşısına üç ildir ucuzlaşan valyutanın 2020 və 2021-ci illərdə dəyərini artıracağı gözlənilir”. 

Avropa.info


Oxunma sayı: 7932

Oxşar yazılar