Azərbaycana xarici mallar bu ölkələrdən gətirilir – Siyahı

  • 15 Avq - 2019

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub.

Bu barədə Avropa.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri 7015,6 milyon dollar təşkil edib, nəticədə 2835 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artıb, ixrac 1,4 faiz azalıb. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 28,1 faizini İtaliyaya, 12,4 faizini Türkiyəyə, 6,9 faizini Çinə, 6,3 faizini Hindistana, 5,7 faizini Almaniyaya, 5,5 faizini İsrailə, 4,3 faizini İspaniyaya, 3,8 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,2 faizini Gürcüstana, 2,6 faizini Fransaya, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-iyun aylarında ölkədən 979,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac ediib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,7 faiz, real ifadədə isə 11,1 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (36,3 faiz), Türkiyəyə (21,8 faiz), Gürcüstana (8,7 faiz), İsveçrəyə (7,5 faiz), İtaliyaya (3,1 faiz), Ukraynaya (2,4 faiz), Yunanıstana (1,8 faiz), İrana (1,8 faiz), Çinə (1,7 faiz) və Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,1 faiz, təzə meyvə – 31,3 faiz, şəkər – 22,3 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 37,9 faiz, meyvə və tərəvəz konservləri – 10,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,5 faiz, pambıq lifi – 2,9 dəfə, polietilen – 1,1 faiz, pambıq ipliyi – 50,3 faiz, qara metallardan yarımfabrikatlar – 2,3 dəfə, bentonit gili – 11,1 faiz artmış, kartof ixracı isə 7,4 faiz, çay – 1,6 faiz, bitki yağları – 35,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, emal olunmamış alüminium – 12,4 faiz, qara metallardan borular – 80,8 faiz azalıb.

2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında buğda idxalı 7 faiz, təzə meyvə – 2,4 faiz, xam şəkər və şəkər – 2,5 dəfə, bitki yağları –0,9 faiz, çay – 1,7 faiz, kartof – 13,6 faiz, quş əti və onun əlavə məhsulları – 14 faiz, mal əti – 8,8 faiz, təzə tərəvəz – 39,2 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 3,6 faiz, mineral gübrələr – 10,5 faiz, hesablama maşınları, blok və qurğuları – 23,6 faiz, məişət kondisionerləri – 1,9 dəfə, mebellər – 11,9 faiz, rezin şinlər – 5,8 faiz, polietilen – 15,1 faiz, yük avtomobilləri – 1,6 dəfə, paltaryuyan maşınlar – 1,2 faiz, qara metallardan künclüklər – 24,8 faiz, avtobuslar – 1,7 dəfə artıb, siqaret idxalı isə 41,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, qara metallardan borular – 2,3 faiz, qara metallardan çubuqlar – 5,3 faiz, sement və sement klinkerləri – 32,7 faiz, məişət soyuducuları – 9,9 faiz azalıb.


Oxunma sayı: 551

Oxşar yazılar