Həkimlə əməliyyat olunan qadın arasında məhkəmə çəkişməsi: Tənzif xəstənin qarnında qalıb

  • 15:50 - 15 Avqust

Əməliyyat olunan qadın və həkimin məhkəmə çəkişməsi davam edir. Həkim bəraət, zərərçəkən isə həkimin həbs edilməsini istəyir.

Musavat.com xəbər verir ki, Ali Məhkəmədə Nərmin Məmmədova və Nərgiz Bicilovanın şikayətləri əsasında məhkəmə iclası keçirilib. Bildirək ki, məhkəmə çəkişməsinə səbəb olan hadisə Balakəndə baş verib.

Belə ki, Nərmin Məmmədova Balakən rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatıyla uşaq dünyaya gətirib. Bu zaman onun qarın boşluğunda tampon unudulub və əməliyyat başa çatdırılıb. Bir müddət keçəndən sonra durumunun pisləşdirini görən Nərmin Məmmədova bu dəfə Zaqatala Müalicə Diaqnostika Mərkəzinə üz tutub.

Müayinə zamanı məlum olub ki, aylardır qarın boşluğunda qalan tampon Məmmədovada “çənbər bağırsağın perforasiyasına və irinli peritonitin inkişafına” səbəb olub. Bu proses 6 ay çəkib. Təkrarən əməliyyat olunan 29 yaşlı qadının bağırsağının bir hissəsini kəsib götürüblər.

Baş verən hadisə ilə bağlı Nərmin Məmmədovanı əməliyyat edən, Balakən rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri, baş mama-ginekoloq Nərgiz Bicilova cinayət məsuliyyətinə cəlb olunub. Qeysəriyyə əməliyyatını aparan həkim qarın boşluğunu yoxlamadan tikib və o, orada tamponu unutmaqla yanaşı, həm də tibbi göstəriş olmadığı halda qadını qeysəriyyə əməliyyatı eləməkdə suçlanıb.

Bu əməlinə görə Bicilovaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan edilib. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Balakən Rayon Məhkəməsi onun barəsində 2 il şərti cəza təyin edib. Bu qərardan hər iki tərəf narazı qalıb. Hər iki tərəf apellyasiya şikayəti versə də təmin edilməyib.

Daha sonra tərəflər Ali Məhkəməyə müraciət edib. N.Məmmədova həkimə yüngül cəza verildiyini bildirib, onun həbs olunmasını tələb edib. Şikayətində bildirib ki, başına gələnlərin səbəbkarı təkcə N.Bicilova deyil, həm də Balakən rayon Mərkəzi Xəstəxanasının əməliyyat blokunun tibb bacısı Elnarə Bodurova və xəstəxananın gunekologiya şöbəsinin mama-ginekoloqu Sevil Mehdiyevadır. Zərərçəkən onların da cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Həkim Bicilova isə şikayətində ona bəraət verilməsini istəyib. Təqsirləndirilən həkim bildirir ki, qeysəriyyə əməliyyatını düzgün aparıb, uğurla da başa çatdırıb. O, zərərçəkmiş N.Məmmədovanın qarın boşluğunda tənzifin qalmasına və bu üzdən onun səhhətinin ağırlaşmasına şübhə etdiyini vurğulayıb.

Həkim deyir ki, ona qarşı elan olunan ittiham sübut edilmir: “Maddi sübut olunan tənzif, kəsilmiş bağırsaq ekspertizaya təqdim olunmayıb. Xəstənin qarnından tampon aşkar edildiyi iddia olunsa da, bu barədə akt və ya protokol tərtib olunmayıb”.

Amma həkimin sonuncu məhkəmədə fərqli fikir dediyi üzə çıxıb. Belə ki, cinayət işinin materiallarından belə görünür ki, N.Bicilova Balakən rayonunda məhkəmənin sonunda müdafiə çıxışı vaxtı özünü təqsirli bildiyini deyib, ona yüngül cəza verilməsini istəyib. Məhkəmə şikayətləri təmin etməyib.


Oxunma sayı: 4148

Oxşar yazılar