"Sabiq deputat onu yanına çağıraraq, şirkət rəhbəri təyin edib" - "Beynəlxalq Bank" işi üzrə proses

  • 15 Avq - 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un xəbərinə görə, görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.

Təqsirləndirilən Sərxan Rəsulovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs Şəki Olimpiya Kompleksində və "General Construction" şirkətində işləyib. 

"Dünyamin Xəlilov onu yanına çağıraraq, şirkət rəhbəri təyin edib, ancaq direktor kimi heç bir fəaliyyət göstərməyib. Sadəcə sənədlərə qol çəkib. Yəni formal rəhbər olub, şirkətin fəaliyyətindən tamamilə xəbərsiz olub. O iki dəfə 10 min və 30 min manat pulu bankdan çıxarsa da, onu, rəhbərliyə təqdim edib". Vəkil qeyd edib ki, bunu təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri də təsdiq edir. O, müdafiə etdiyi şəxsə verilən mənimsəmə ittihamının əsassız olduğunu bildirib. O, S.Rəsulova bəraət verilməsini və mülki iddianın rədd edilməsini istəyib.

Təqsirləndirilən Mahir Qafarovun müdafiəçisi bildirib ki, o, 2011-ildə Dünyanın Xəlilov özünün faktiki rğhbər olduğu şirkətə direktor təyin edib və şirkətin fəaliyyətindən xəbərsiz olub.cinayət törətmək məqsədi olmayıb.

Vəkil təqsirləndirilənə bəraət verilməsini istəyib, mülki iddianın rədd edilməsini xahiş edib.

Təbriz Abduləmidovun vəkili də bildirib ki, müdafiə etdiyi şəxs Dünyamin Xəlilovun şirkətində işləyib, sonradan şirkətlərdən birinə formal direktor təyin edilib. "O, yalnız kredit götürülməsi və digər məsələlərlə bağlı sənədlərə qol çəkib. Hər hansı mənimsəmədə iştirak etməyib, sadəcə direktor olduğuna görə, maaşına 100 manat əlavə edilib" - deyə vəkil bildirib. Vəkil T. Abduləmidova bəraət istəyib. O, əlavə edib ki, verilən ittihamla bağlı epizodlar 12 il əvvələ aid olduğu üçün cəlbetmə müddəti keçib.

Təqsirləndirilənlər Natiq İmanov, Samir Hacıyev. Ramin Əhmədovun, Adil Mikayılovun vəkilləri də, çıxışlarında bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses avqustun 19-da davam edəcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.


Oxunma sayı: 903

Oxşar yazılar