"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

  • 23:27 - 13 Avqust

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Kipr APOEL-inə iki oyunun yekununda uduzub.

Səfərdəki ilk matçda 2:1 hesablı qələbəyə sevinən Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş cavab matçında 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Tamamilə dolu tribunalar önündəki görüşə hər iki komanda fəal başlayıb. Matçın əvvəllərində "Qarabağ" bir neçə sürətli hücum təşkil etsə də, məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. APOEL isə yeni baş məşqçisi Tomas Dollun göstərişi ilə irəli atılmaq üçün fürsətlər yaxalamağa çalışıb. 

Qonaq komanda belə hücumların birində penalti qazanıb. 34-cü dəqiqədə Nikolas Yannu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla mübarizədə yerə yıxılıb. Almaniyalı referi Daniel Sibert penalti nöqtəsini göstərib. İtaliyalı müdafiəçi Tomas De Vinsenti bu imkandan yararlanmağı bacarıb.

Bərabərlik qolunu vurmağa çalışan "Qarabağ" ilk yarıda ən real qol vəziyyəti 44-cü dəqiqədə yaradıb. Lakin Mahir Emrelinin qapı qarşısına ötürməsindən sonra Abdullah Zubirin qüvvətli zərbəsini APOEL-in qapıçısı Vid Belets dəf etməyi bacarıb.

İkinci hissə də Azərbaycan təmsilçisinin hücumları ilə başlayıb. Daha bir imkan isə 55-ci dəqiqədə yaranıb. Bu dəfə rəqib qapıçı Riçard Almeydanın zərbəsini dəf etməyi bacarıb.

59-cu dəqiqədə isə qapı qarşısına ötürmədən sonra Mahir Mədətovun zərbəsi azacıq yandan keçib. 68-ci dəqiqədə isə rəqib istəyinə çatıb. Makedoniyalı müdafiəçi Uroş Matiç uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib.

Bu qoldan sonra "Qarabağ"ın fərqi azaldaraq, oyunu əlavə vaxta uzatmaq cəhdləri nəticə verməyib. Əvəzində uzatma dəqiqələrində Riçard Almeyda qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Beləliklə, Azərbaycan təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi olacaq.

21:54***

"Qarabağ" və Kipr APOEL-i arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə növbəti qol vurulub. 

68-ci dəqiqədə Uroş Matiç uzaqdan zərbə ilə fərqi artırıb. 

Hazırda APOEL öndədir - 2:0.

21:15***

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunun birinci hissəsi başa çatıb.

Report xəbər verir ki, birinci hissədə Ağdam təmsilçiləri 1:0 hesabı ilə məğlub olub. 

21:03***

"Qarabağ" və Kipr APOEL-i arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə hesab açılıb. 

"Report"un məlumatına görə, 34-cü dəqiqədə Tomas De Vinsenti penaltini dəqiq yerinə yetirib. 

Hazırda APOEL öndədir - 1:0.

20:36***

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və Kiprin APOEL komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü start götürüb. 

"Report"un məlumatına görə, hazırda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, ilk görüşdə "Qarabağ" səfərdə 2:1 hesablı qələbə qazanıb.


Oxunma sayı: 7228

Oxşar yazılar