Novruz Məmmədov: Azərbaycan Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır

  • 12 Avq - 2019

Baş nazir Novruz Məmmədov bu gün Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Trend-in məlumatına görə, görüşdə N.Məmmədov bildirib ki, Azərbaycan Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır.

Tərəflər Xəzər regionu ölkələri arasında ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında avqustun 11-12-də Birinci Xəzər İqtisadi Forumu keçirilir.

Forumun təşkilati, informasiya və texniki dəstəyi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və Türkmənistan Xarici İşlər Nazirinin rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.

Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr daxildir. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlərin təşkili nəzərdə tutulub.

Foruma Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunub.


Oxunma sayı: 1101

Oxşar yazılar